ABŞ Prezidenti Donald Tramp Dieqo Qarsiya adasının Mavrikiya verilməsinə qarşı çıxaraq bu addımı səhv və Böyük Britaniyanın strateji maraqları üçün təhlükə adlandırıb.
"PostMedia" "Sky News"a istinadən xəbər verir ki, bu barədə o, özünün "Truth Social" hesabında paylaşıme dib.
Bildirilir ki, Tramp Böyük Britaniyanın Çaqos arxipelaqını Mavrikiya təhvil vermək qərarını sərt şəkildə tənqid edib. ABŞ Prezidenti vurğulayıb ki, Dieqo Qarsiya Britaniyanın nəzarətində qalmalıdır, çünki adada Britaniya–ABŞ birgə hərbi bazası yerləşir.
“Şübhəli 100 illik icarə müqabilində Dieqo Qarsiya üzərində nəzarəti itirə bilmərik. Bu torpaq Böyük Britaniya tərəfindən təhvil verilməməlidir. Əgər bu baş versə, bu, bizim böyük müttəfiqimiz üçün ləkə olacaq”, – deyə Tramp bildirib.
Böyük Britaniyanın xarici işlər naziri isə cavab olaraq qeyd edib ki, Çaqos sazişi müttəfiqlərin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyan hərbi bazanın uzunmüddətli fəaliyyətini təmin etməyin yeganə yoludur.
Trampın bu razılaşma ilə bağlı mövqeyi bir neçə dəfə dəyişib: əvvəllər onu səhv adlandırıb, daha sonra Keyr Starmerlə söhbətdən sonra dəstəkləyib, indi isə yenidən əleyhinə çıxıb. Ağ Ev bəyan edib ki, bu paylaşım Tramp administrasiyasının hazırkı siyasətini əks etdirir.
Məsələ Böyük Britaniya parlamentində də ciddi mübahisələrə səbəb olub. Mühafizəkarlar Partiyasının lideri Kemi Badenox Trampın fikirlərini dəstəkləyərək razılaşmanın ləğvinə çağırıb. Adaların Mavrikiya verilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi Lordlar Palatasında təxirə salınıb.
Daha əvvəl Keyr Starmer Trampın bu mövzu ilə bağlı açıqlamalarını Londona qarşı təhqir kimi qiymətləndirmədiyini bildirmişdi.
Tramp Çaqos arxipelaqının Mavrikiya verilməsini “böyük axmaqlıq” və “tam zəiflik aktı” adlandıraraq Dieqo Qarsiyadakı ABŞ hərbi bazası üçün təhlükə yaratdığını vurğulayıb.
Qeyd edək ki, 2025-ci ildə İngiltərə və Uelsin Ali Məhkəməsi yerli əhalinin hüquqlarının nəzərə alınmasının vacibliyini əsas gətirərək Böyük Britaniyanın arxipelaqın Mavrikiya verilməsi ilə bağlı danışıqları yekunlaşdırmasını bloklamışdı.