İran və Rusiya silahlı qüvvələri fevralın 19-da Oman dənizində və Hind okeanının şimal hissəsində, İranın cənubundakı Bəndər-Abbas liman şəhəri yaxınlığında birgə dəniz hərbi təlimləri keçirəcək.
"PostMedia" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
İran Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Həsən Məqsudlunun sözlərinə görə, təlimlərin əsas məqsədi Oman dənizində və Hind okeanının şimalında təhlükəsizliyin təmin edilməsi və dayanıqlı dəniz əməkdaşlığının gücləndirilməsidir.
O, həmçinin bildirib ki, təlimlər iki ölkənin donanmaları arasında əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə və birgə əməliyyatların hazırlanmasına xidmət edəcək.
Təlimlərin əsas elementləri sırasında ticarət gəmilərinin və neft tankerlərinin mühafizəsi, dəniz təhlükəsizliyinə təhdidlərin qarşısının alınması, eləcə də dəniz terrorizmi ilə mübarizə yer alır.
İranlı komandanın sözlərinə görə, manevrlər eyni zamanda dostluq münasibətlərinin dərinləşdirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə və bölgə ölkələrinin dəniz və naviqasiya təhlükəsizliyinin təminində rolunun artırılmasına yönəlib.
