“Ağ Ev” ABŞ Prezidenti Donald Trampı Prezidentlər Günü münasibətilə onun öz sitatı ilə təbrik edib.
“PostMedia” xəbər verir ki, “X” sosial şəbəkəsində paylaşılan fotonun üzərində “Mən qurban idim, indi isə ovçuyam” sözləri yer alıb.
Paylaşıma 2025-ci ilin noyabr ayına aid “Time” jurnalının üz qabığı da əlavə olunub. Həmin üz qabığında Tramp “Oval kabinet”də masasının arxasında əyləşmiş vəziyyətdə təsvir edilib.
“Qurban və ovçu” ilə bağlı bu ifadələr Trampın yanvar ayında “News Nation” nəşrinin jurnalisti Keti Pavliçə verdiyi müsahibədə səslənib. Müsahibə onun ikinci prezidentlik andiçmə mərasiminin ildönümünə həsr olunmuşdu.
Tramp bildirmişdi ki, ilk prezidentlik dövründə siyasi rəqibləri tərəfindən təqib olunub, lakin indi artıq “ovçudur” və qisas almaq niyyətindədir (The Daily Beast-ə istinadla).
Qey edək ki, Prezidentlər Günü (Presidents’ Day, rəsmi adı ilə “Vaşinqtonun ad günü”) ABŞ-da fevral ayının üçüncü bazar ertəsi qeyd olunan federal bayramdır. Əvvəlcə bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şərəfinə təsis edilib, sonradan isə digər prezidentlərin də xatirəsini əhatə etməyə başlayıb. Bu gün federal qurumlar, banklar və poçt şöbələri bağlı olur, anım tədbirləri, məktəblərdə tarix dərsləri və kütləvi endirim kampaniyaları keçirilir.
