Ermənistan və İran arasında "Sadələşdirilmiş gömrük dəhlizi" rejimi yaradılacaq. İki ölkə arasında bununla bağlı protokol layihəsi Ermənistan hökumətinin sentyabrın 3-də keçirilən iclasında təsdiqlənib.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin izahat sənədində qeyd olunur ki, sazişin imzalanması təşəbbüsü İran tərəfdən irəli sürülüb.
Birgə hazırlanmış layihəyə əsasən, ölkələrdən birinin gömrük orqanları qonşu ölkəyə göndərilən yükləri buraxarkən mallar və onların göndəriciləri barədə elektron məlumatları qarşı tərəfin gömrük orqanlarına ötürəcək. Bundan sonra yükü qəbul edən ölkə həmin yükləri sadələşdirilmiş qaydada yoxlamalı olacaq.
Belə rejimin gömrük qanunvericiliyinin pozulması ilə bağlı risklərin mövcud olmadığı müəssisələrə tətbiqi nəzərdə tutulur.
Sadələşdirilmiş yoxlama imkanından şəxsi avtomobillər istisna olmaqla, bütün nəqliyyat vasitələri istifadə edə biləcək.
"Sadələşdirilmiş gömrük dəhlizinin tətbiqi yüklərin rəsmiləşdirilməsinə sərf olunan vaxtı azaldacaq və nəqliyyat vasitələrinin keçidini əhəmiyyətli dərəcədə sürətləndirəcək", – deyə əsaslandırma sənədində bildirilir.
Ermənistan-İran sərhədində yerləşən "Mehri" keçid məntəqəsinin binasının əsaslı şəkildə yenidən qurulduğu nəzərə alınaraq, yeni rejimin yalnız işlər başa çatdıqdan sonra tətbiqi mümkün olacaq.
Bunun səbəbi keçid məntəqəsinin yalnız tikinti işləri başa çatdıqdan sonra yeni xidmət texnikası ilə təchiz ediləcək olmasıdır.