Avropa İttifaqı qarşıdakı iki il ərzində Qrenlandiyaya 200 milyon avro sərmayə yatıracaq. Məqsəd iqtisadi əlaqələri dərinləşdirmək və xammal hasilatını artırmaqdır.
"PostMedia" "Euronews"a istinadən xəbər verir ki, bunu Nuuk şəhərinə rəsmi səfəri zamanı Ursula fon der Lyayen bildirib.
“Biz başa düşürük ki, Arktika geosiyasətin tektonik plitələrinin toqquşduğu məkanlardan birinə çevrilib. Buna görə də burada baş verənlər bizim üçün heç də əhəmiyyətsiz deyil”.
Maliyyə paketi uzun müddətdir ABŞ Prezidenti Donald Trampın diqqət mərkəzində olan yarımmuxtar ərazidə Avropa İttifaqının mövcudluğunu genişləndirməyə yönəlib.
Fon der Lyayen bildirib ki, investisiya paketi üç əsas istiqamət üzrə bölüşdürüləcək: sualtı kabellər və peyk infrastrukturu da daxil olmaqla rəqəmsal əlaqələrin inkişafı, hidroenergetikaya xüsusi diqqət yetirilməklə təmiz enerji, həmçinin strateji əhəmiyyət daşıyan xammal ehtiyatlarının hasilatı.
Qrenlandiyada Brüsselin öz bərpaolunan enerji sistemlərinin və qabaqcıl texnologiyalarının inkişafı üçün həyati əhəmiyyət daşıdığını hesab etdiyi 34 növ faydalı qazıntıdan 25-i mövcuddur.
Minerallar Trampın Qrenlandiya üzərində nəzarət yaratmaqla bağlı təhdidini əsaslandırdığı səbəblərdən biri olub. O, həmçinin müttəfiqlərinin regiona kifayət qədər vəsait yatırmadığından narazılıq edirdi.
Trampın Qrenlandiyanı Danimarka Krallığından almaq cəhdi transatlantik ittifaqı sarsıtmışdı. Gərginlik yanvar ayında pik həddə çatmışdı. Həmin vaxt o, Danimarkanı ərazidən imtina etməyə məcbur etmək üçün yüksək gömrük rüsumları tətbiq edəcəyi ilə hədələmişdi. Daha sonra sərt tənqidlər səbəbindən geri addım atdı.
Lakin iyul ayında Tramp adanı ilhaq etmək ideyasına gözlənilmədən yenidən qayıtdı və bu məsələnin onun üçün hələ də prioritet olaraq qaldığını bildirdi.