N/A°C Bakı
1$ = 1.70₼
Avto

"Porsche" strategiyanı dəyişir: "Boxster" və "Cayman" sportkarları benzin mühərriklərini saxlaya bilər

15-dekabr-2025
Türkan Nəbi
"Porsche" strategiyanı dəyişir: "Boxster" və "Cayman" sportkarları benzin mühərriklərini saxlaya bilər
Yazı Ölçüsü:
Superkar istehsalçısı "Porsche" 718 "Boxster" və "Cayman" modellərinin növbəti nəsillərinin taleyini köklü şəkildə yenidən nəzərdən keçirməyə hazırlaşır.
"PostMedia" bu barədə "Autocar"a istinadən xəbər verir.
Məlumata görə. əvvəlcə şirkət bu modelləri yalnız tam elektrik ötürücüsünə keçirməyi planlaşdırırdı, lakin hazırda mühəndislər yeni platformanın yenidən benzin mühərriklərini qəbul edə bilməsi üzərində çalışırlar. Bu qərar elektromobillərə tələbatın zəifləməsi fonunda kəskin dönüş kimi qiymətləndirilir.
Dördüncü nəsil "Boxster" və "Cayman" modellərinin istehsalı ötən ay başa çatıb, onların tam elektrikli varislərinin isə artıq bu il təqdim olunması planlaşdırılır. Bununla belə, "Porsche" daha əvvəl mövcud modellərin “top” versiyalarını – ilk növbədə "RS" və" GT4 RS"i buraxmağa davam edəcəyini açıqlamışdı. Bu addım şirkətə təxminən 6,6 milyard funt sterlinqə başa gələn strateji yenidən yönəlmənin bir hissəsidir.
İndi isə Vaysaxdakı "Porsche" mühəndislik mərkəzindəki mənbələr bildirirlər ki, şirkət daha da irəli gedib. Mühəndislər gələcək modellər üçün hazırlanmış "PPE Sport" elektrik platformasını orta yerləşimli benzin aqreqatının quraşdırılmasına uyğunlaşdırmağa çalışırlar. Məqsəd, həddən artıq mürəkkəb texniki həllər tələb etsə belə, istehsal səmərəliliyini və komponentlərin unifikasiyasını qorumaqdır.
Bu addım "Porsche" tarixində ən radikal dönüşlərdən biri kimi dəyərləndirilir. Oxşar yolu daha əvvəl digər avtomobil istehsalçıları da seçmiş, ilkin olaraq elektrik üçün nəzərdə tutulan modellərə yenidən daxili yanma mühərriklərini qaytarmışdılar.
Lakin məsələ olduqca mürəkkəbdir. "PPE Sport" elektrik arxitekturası daşıyıcı batareya və düz döşəmə üzərində qurulub və onların çıxarılması kuzovun sərtliyini ciddi şəkildə azaldır. Mühəndislər platformanın mövcud bərkidilmə nöqtələrinə birləşdiriləcək yeni gücləndirilmiş döşəmə yaratmaq, həmçinin mühərrik, sürətlər qutusu və buraxılış sisteminin yerləşdirilməsi üçün tamamilə yenidən işlənmiş arxa modul variantlarını nəzərdən keçirirlər.
Planların yenidən baxılmasına tənzimləyici amillər də imkan yaradıb. “Euro-7” standartlarının yumşaldılmış variantı və 2035-ci ildən sonra sintetik yanacaq üçün istisnalar benzinlə işləyən sportkarları yenidən iqtisadi cəhətdən əsaslandırılmış edib. "Porsche" mühəndislərindən birinin sözlərinə görə, elektrik "Boxster" və "Cayman" niş modellər kimi qala bilərdi və məhz “Euro-7” hesablamaları dəyişdi.
Nəticədə hansı mühərrikin seçiləcəyi hələlik dəqiq müəyyən edilməyib, lakin əsas namizəd təkmilləşdirilmiş 4 litrlik, oppozit altısilindrli mühərrik olaraq qalır və onun gücü təxminən 500 at gücünə çata bilər.
Kateqoriyalar