Əfqanıstan hökumətinin nümayəndəsi Zabihullah Mujahid bildirib ki, Pakistanın hərbi hava qüvvələri Kabil şəhərinə zərbələr endirib.
"PostMedia" xəbər verir ki, hücum nəticəsində narkotik asılılığından müalicə alanların yerləşdiyi reabilitasiya mərkəzi zərər görüb, ölən və yaralananlar var.
Bundan əvvəl, martın 13-də Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Hayber Paxtunxva vilayətindəki hərbi obyektlərə, həmçinin İslamabad şəhərinə zərbələr endirildiyini bildirib.
Pakistan ordusunun mətbuat xidmətinin açıqlamasına görə, bütün dronlar vurulub və hədəflərə çatmayıb. Bundan sonra Pakistan prezidenti Asif Ali Zardari Kabili “qırmızı xətti keçmək”də ittiham edib.
Fevralın 26-da isə Pakistan–Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb.
Kabil bildirib ki, əməliyyat Pakistanın əvvəllər Əfqanıstan ərazisinə endirdiyi aviazərbələrə cavab olaraq həyata keçirilir. Pakistanın müdafiə naziri Xavaca Asif isə qeyd edib ki, hazırda ölkəsi ilə Əfqanıstandakı Taliban hökuməti arasında açıq silahlı qarşıdurma vəziyyəti yaranıb.
