Netanyahu iranlılara müraciət edib: azadlıq anı yaxınlaşır
13-mart-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında İran xalqına müraciət edərək bildirib ki, onların azadlıq əldə edəcəyi “an yaxınlaşır”.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Netanyahu deyib ki, ABŞ və İsrailin davam edən bombardmanları yalnız İranın raket və nüvə imkanlarını məhv etmək məqsədi daşımır. Onun sözlərinə görə, məqsədlərdən biri də iranlıların uzun illərdir hakimiyyətdə olan rejimi devirməsinə şərait yaratmaqdır.
“ABŞ və İsraillə birlikdə həyata keçirilən bombardmanlarla İran rejiminin raket və nüvə imkanlarını məhv etməyə çalışmaqla yanaşı, biz başqa bir məqsəd üzərində də işləyirik – iranlılara onları təxminən 50 ildir sıxışdıran qəddar və avtoritar rejimi devirmək imkanı verəcək şərait yaratmaq”, – deyə o bildirib.
Netanyahu əlavə edib ki, İsrail qüvvələri Iİslam İnqilabı Keşikçiləri Korpusunun bazalarına, patrul qüvvələrinə və nəzarət məntəqələrinə zərbələr endirir və bu cür əməliyyatlar davam edəcək.
O, İran xalqına müraciət edərək bildirib:
“Azadlığın yeni yoluna başlaya biləcəyiniz an yaxınlaşır. Biz sizinləyik və sizə kömək edirik. Lakin sonda hər şey sizdən asılıdır. Hər şey sizin əlinizdədir”.
Netanyahu qeyd edib ki, əgər İsrail və ABŞ dərhal hərəkətə keçməsəydilər, bir neçə ay ərzində İranın hərbi sənayesi hücumlara qarşı demək olar ki, toxunulmaz vəziyyətə gələ bilərdi.
Onun sözlərinə görə, Vaşinqton və Təl-Əvivin əsas məqsədi İran tərəfindən nüvə silahının və İsrailə, ABŞ-a və digər ölkələrə təhlükə yarada biləcək ballistik raketlərin hazırlanmasının qarşısını almaqdır.