İspaniya İsraildəki səfirini rəsmi olaraq geri çağırıb.
"PostMedia" xəbər verir ki, bu qərar Madrid ilə Təl-Əviv arasında diplomatik qarşıdurmanın dərinləşməsi fonunda qəbul edilib. Gərginlik əsasən İspaniyanın ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə bağlı mövqeyi ilə əlaqədardır.
Səfir hələ ötən ilin sentyabrında diplomatik mübahisə səbəbindən İspaniyaya çağırılmışdı. Mübahisə Madridin tətbiq etdiyi məhdudiyyətlərdən sonra yaranmışdı. Belə ki, İspaniya İsrail üçün silah daşıyan təyyarə və gəmilərin öz limanlarından və hava məkanından istifadə etməsini qadağan etmişdi. Bu qərar İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarla bağlı verilmişdi.
İsrailin xarici işlər naziri Gideon Saar həmin addımı pisləyərək onu antisemitizm kimi qiymətləndirmişdi.
Çərşənbə axşamı İspaniya səfirin səlahiyyətlərinin rəsmi şəkildə dayandırıldığını elan edib. Xarici İşlər Nazirliyi bildirib ki, Təl-Əvivdəki səfirliyə müvəqqəti işlər vəkili qeyri-müəyyən müddətə rəhbərlik edəcək.
Bu addım 2023-cü ilin oktyabrından bəri ciddi gərginlik yaşayan iki ölkə arasında diplomatik münasibətlərin daha da pisləşdiyini göstərir.
Hazırda İspaniyadakı İsrail səfirliyinə də müvəqqəti işlər vəkili rəhbərlik edir. Bu, İsrailin ötən ilin mayında İspaniyanın Fələstin dövlətini tanımasına etiraz olaraq Madriddəki səfirini geri çağırmasından sonra baş verib.
