Rusiya ABŞ-ni əmin edib ki, İrana kəşfiyyat məlumatları ötürmür.
"PostMedia" xəbər verir ki, bunu CNBC-yə müsahibəsində ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
“Biz onların sözlərinə inanmalı olacağıq”, – deyə Uitkoff CNBC-nin “Money Movers” proqramında bildirib.
“Ümid edək ki, onlar məlumat ötürmürlər”, – o əlavə edib.
ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin bir gün əvvəl telefon danışığı aparıblar.
“Dünən prezidentlə telefon danışığı zamanı ruslar dedilər ki, heç bir məlumat ötürmürlər”, – deyə Uitkoff qeyd edib.
Bununla belə, "MS Now" daha əvvəl iki amerikalı rəsmi şəxsə istinadən bildirmişdi ki, Rusiya guya İrana Yaxın Şərqdə ABŞ gəmilərinə, təyyarələrinə və hərbi bazalarına hücum etməyə kömək edə biləcək məlumatlar ötürür. Mənbələrdən biri “Rusiya İrana kəşfiyyat dəstəyi verir” deyə iddia etmişdi.
Uitkoff isə Rusiyanın həqiqətən də İrana kəşfiyyat məlumatları verib-vermədiyi barədə suala birbaşa cavab verməkdən imtina edib.
“Mən kəşfiyyat əməkdaşı deyiləm, ona görə də sizə bunu deyə bilmərəm”, – deyə o bildirib.
