Nəşrin məlumatına görə, Tramp Floridada jurnalistlərlə söhbətində hərbi əməliyyatın əhəmiyyətli irəliləyiş əldə etdiyini və “çox tezliklə” başa çata biləcəyini bildirib. O qeyd edib ki, əməliyyat “qrafikdən xeyli qabaqda” gedir, lakin kampaniyanın bitməsi üçün konkret vaxt açıqlamayıb.
WSJ yazır ki, administrasiyanın bir sıra yüksək vəzifəli nümayəndələri hesab edir: əgər Tehran qonşu ölkələrə hücumları davam etdirsə və döyüş əməliyyatları səngiməsə, ABŞ üçün sadəcə müharibədən çıxmaq olduqca çətin olacaq.
Bununla əlaqədar olaraq müşavirlər Trampı hərbi məqsədlərin demək olar ki, yerinə yetirildiyini açıq şəkildə bəyan etməyə və ABŞ qüvvələrinin münaqişədə iştirakının başa çatdırılması planını təqdim etməyə çağırırlar. Məqsəd ölkə daxilində siyasi riskləri azaltmaqdır. Rəsmilərdən biri nəşrə bildirib ki, “Tramp ABŞ-ın hərbi üstünlüyü olduğu bir vaxtda inandırıcı qələbə elan etmədən döyüş əməliyyatlarını dayandırmayacaq”.
Tramp özü də etiraf edib ki, vəziyyət gözləniləndən daha mürəkkəb inkişaf edir. O, Müctəba Xameneinin İranın yeni ali lideri təyin olunmasından narazılığını bildirib və bunu Tehranın geri çəkilmək niyyətində olmadığının göstəricisi kimi qiymətləndirib.
Müsahibə zamanı prezident qeyd edib ki, məqsədi “uzunmüddətli sülh gətirəcək bir sistem” yaratmaqdır. Əgər bu mümkün olmasa, o zaman müharibənin mümkün qədər tez başa çatdırılması lazım gələcək.