ABŞ İranın şimal-qərbində yaşayan kürdlər vasitəsilə bölgədə sabitliyi pozmağa çalışır.
"PostMedia" xəbər verir ki, bu barədə “Kürdüstanın səsi” adlı teleqram kanalı məlumat yayıb.
Mənbənin iddiasına görə, məqsəd İran ordusunu geri çəkməyə məcbur etmək və Tehranın hərbi resurslarını zəiflətməkdir.
Paylaşımda bildirilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin planlarına əsasən KDPI, Komala, PJAK, PAK və Xabat kimi kürd təşkilatları İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran ordusuna qarşı birgə mübarizə aparmalı, paralel olaraq isə ABŞ və Mossad tərəfindən farsdilli vilayətlərdə yeni etiraz dalğası təşkil olunmalıdır.
İddialara görə, Vaşinqton və Təl-Əviv kürd qüvvələrinə dəstək məsələsini müzakirə edir, lakin tərəflər Suriyadakı ABŞ-kürd əməkdaşlığının nəticələrinin təkrarlanmasından ehtiyat edirlər. Kanal yazır ki, kürd siyasi qüvvələrinin əsas tələbi İranın kürd bölgələri üzərində uçuşa qadağan zona yaradılmasıdır.
Materialda həmçinin qeyd olunur ki, Məsud Bərzani və Bafel Talabani rəhbərlik etdiyi qüvvələrə təzyiqlər var və Tehran sərhəddə mümkün hərbi addımlar barədə xəbərdarlıq edib.
Teleqram kanalı əlavə edir ki, indiyədək PAK istisna olmaqla digər kürd silahlı qruplar İran əleyhinə açıq hərbi əməliyyatlara başlamayıb. Eyni zamanda, İranın Kürdüstan vilayətinin Mərivan şəhərinə SEPAH-ın quru qüvvələrinin daxil olduğu və sakinlərə təxliyə çağırışı edildiyi iddia olunur.
Qeyd olunan məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.