Klinton Konqresi Trampı Epşteynlə əlaqələri ilə bağlı dindirilməyə çağırıb
26-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsini Amerika prezidenti Donald Trampı azyaşlıların istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə and altında ifadə verməyə çağırmağa səsləyib.
"PostMedia"nın məlumatına görə, keçmiş dövlət katibi bildirib ki, maliyyəçinin cinayətləri barədə məlumatı yoxdur.
“Cənab Epşteynlə nə vaxtsa görüşdüyümü xatırlamıram. Onun təyyarəsində heç vaxt uçmamışam, adasına, evinə və ya ofislərinə getməmişəm. Bundan əlavə edəcəyim heç nə yoxdur”, – deyə o, "X" sosial şəbəkəsində yayımlanan komitə iclasındakı çıxışı zamanı bildirib.
Bununla yanaşı, keçmiş dövlət katibi komitə üzvlərini bu işin araşdırılmasına qeyri-ciddi yanaşmaqda ittiham edib:
“Əgər bu komitə insan alveri ilə bağlı Epşteynin cinayətlərinin həqiqətini üzə çıxarmaqda doğrudan da maraqlıdırsa, o zaman indiki prezidentin adının Epşteyn sənədlərində on minlərlə dəfə çəkilməsinə dair sualları mətbuat bəyanatları ilə deyil, birbaşa onun özünə – and altında – ünvanlamalıdır.”
Klinton əlavə edib ki, komitə həmçinin Ədliyyə Nazirliyinin FTB dindirilmələrinin nəticələrini gizlətməsi ilə bağlı iddiaları da araşdırmalı idi. Həmin dindirilmələrdə bir qurban prezident Trampı dəhşətli cinayətlərdə ittiham edib.
Nümayəndələr Palatasının Nəzarət Komitəsi ABŞ-ın keçmiş prezidenti Bill Klintonu və onun həyat yoldaşını Epşteyn işi üzrə istintaq çərçivəsində and altında ifadə verməyə çağırıb. Əvvəlcə Klintonlar bu çağırışdan bir neçə ay imtina edərək istintaqı siyasi motivli adlandırıblar. Lakin sonradan cinayət məsuliyyəti təhlükəsi yarandıqdan sonra mövqelərini dəyişiblər.
Bill Klintonun cümə günü qanunvericilər qarşısında çıxışı demək olar ki, presedentsiz hadisə olacaq: ABŞ-ın keçmiş prezidentləri 1983-cü ildən bəri Konqresdə ifadə verməyiblər. Komitə yüksək vəzifəli demokratların Epşteyn və onun köməkçisi Gisleyn Maksvelllə əlaqələrinə fokuslanmağı planlaşdırır.