Zelenski Donald Trampla yanvarın sonunda Davosda keçirilən görüşdən sonra ilk dəfə danışıb. Danışıq 30 dəqiqə davam edib.
"PostMedia"nın məlumatına görə, "Axios"un üç mənbəsi qeyd edib ki, söhbət dostyana və pozitiv ruhda keçib. Həmin mənbələrdən biri Ukrayna rəsmisi, digər ikisi isə bu məsələ ilə bağlı məlumatlı şəxslərdir.
Axios-un məlumatına görə, Trampın xüsusi nümayəndələri Stiv Vitkof və Cerad Kuşner də telefon danışığında iştirak ediblər. Onlar cümə günü Cenevrədə olacaqlar və orada Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşəcəklər.
Mənbələrdən biri Axios-a bildirib ki, Kuşner və Vitkof "mümkündür" ki, Cenevrədə Rusiya xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə görüşsünlər. Bu barədə əvvəlcə rus dövlət xəbər agentliyi TASS anonim mənbəyə istinadla xəbər yaymışdı.
Mənbələrin məlumatına görə, Zelenski həmişə olduğu kimi Trampa yardımlarına görə təşəkkür edib və yalnız ABŞ prezidentinin Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur edə biləcəyini bildirib. “Daha sonra Zelenski ümid etdiyini bildirib ki, müharibə bu il başa çatacaq, Tramp isə cavab olaraq müharibənin artıq çox uzun sürdüyünü və onun bir ay ərzində bitməsini istədiyini qeyd edib”, – Axios-un mənbələrindən biri bildirib.
