Ukrayna Prezidenti Volodimir Zelenskiy bildirib ki, o, ABŞ Prezidenti Donald Trump ilə telefon danışığı aparıb. Danışıqlara həmçinin ABŞ liderinin xüsusi nümayəndələri Stiv Vitkof və Cared Kuşner də qatılıblar.
"PostMedia"nın məlumatına görə, bu gün Vitkof və Kuşner Cenevrədə Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov ilə görüşəcəklər.
“Komandalarımız indi fəal işləyir və mən onlara bütün səylərinə və danışıqlara, həmçinin müharibəyə son qoymağa göstərdikləri sadiqliyə görə təşəkkürümü bildirmişəm. Biz həmçinin PURL proqramını yüksək qiymətləndiririk. Bu qış Ukrayna üçün ən çətinidir, lakin ABŞ-dan əldə edə biləcəyimiz hava hücumundan müdafiə raketləri bütün bu çağırışları dəf etməyə və insanların həyatını qorumağa çox kömək edir,” – deyə o, Telegram kanalında yazıb.
“Biz sabah Cenevrədə ikitərəfli görüş zamanı nümayəndələrimizin işləyəcəyi məsələləri və həmçinin martın əvvəllərində üçtərəfli formatda danışıqlar komandasının növbəti görüşünə hazırlıq işlərini müzakirə etdik. Ümid edirik ki, bu, rəhbərlik səviyyəsində danışıqlara keçid üçün imkan yaradacaq. Prezident Trump bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur. Təşəkkürlər,” – deyə Zelenskiy əlavə edib.
