—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Britaniya ABŞ-a İrana zərbə endirmək üçün öz hərbi bazalarından istifadə etməyə icazə verməyib – "The Times"

19-fevral-2026
Turan Hüseynli
Britaniya ABŞ-a İrana zərbə endirmək üçün öz hərbi bazalarından istifadə etməyə icazə verməyib – "The Times"
Yazı Ölçüsü:

Böyük Britaniya ABŞ-a İrana qarşı mümkün hərbi əməliyyatlar üçün öz hərbi bazalarından istifadə etməyə icazə verməyib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən yazır.

Məlumata görə, Vaşinqton Tehrana qarşı hərbi əməliyyatın detallı planlarını hazırlayır. Bu planlara Hind okeanında Dieqo Qarsiya adasında yerləşən birgə Britaniya–ABŞ hərbi bazasının, eləcə də Avropada ABŞ-ın ağır bombardmançıları üçün mühüm əhəmiyyət daşıyan Qlosterşirdəki Feyrford aviabazasının istifadəsi daxildir. Lakin London hələlik bu planlara razılıq verməyib. Britaniya hakimiyyəti ABŞ-ın İrana zərbəsinin “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirilə biləcəyindən ehtiyat edir.

Qəzet yazır ki, Britaniya hökumətinin bu mövqeyi ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olub. Fevralın 18-də Tramp Böyük Britaniya ilə Mavriki arasında Çaqos arxipelaqının suverenliyinin Mavriki tərəfinə verilməsini nəzərdə tutan sazişi tənqid edib. Keçən ilin mayın 22-də imzalanan, lakin hələ parlament tərəfindən ratifikasiya olunmayan razılaşma Dieqo Qarsiyada yerləşən Britaniya–ABŞ bazasının 99 il müddətinə saxlanmasını nəzərdə tutur. Sazişə əsasən, Böyük Britaniya Mavrikiyə ildə 100 milyon funt sterlinqdən (təxminən 135 milyon dollar) çox ödəniş edəcək və xarici adalarda digər ölkələrin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini qadağan edəcək.

Tramp Truth Social sosial şəbəkəsində bildirib ki, Britaniyanın baş naziri Keyr Starmer arxipelaqı Mavrikiyə verməklə “böyük səhv” edir və bu addım hərbi bazanın təhlükəsizliyini risk altına qoya bilər. ABŞ prezidenti, həmçinin, İran tərəfindən mümkün təhlükənin qarşısını almaq üçün Dieqo Qarsiya bazasından istifadə zərurətinin yarana biləcəyini istisna etməyib.

Xatırladaq ki, Çaqos arxipelaqı əvvəlcə Britaniyanın Mavriki koloniyasının tərkibində olub, lakin 1965-ci ildə London onu ayrıca inzibati vahidə çevirib. 1968-ci ildə Mavriki müstəqillik qazansa da, Çaqos Britaniyanın nəzarətində qalıb. 1966-cı ildə ABŞ Dieqo Qarsiyanı icarəyə götürərək burada aviabaza inşa edib və adanın 1500 sakini zorla köçürülüb.

2017-ci ildə Mavriki Beynəlxalq Məhkəmədən ekspert rəyini alıb, 2019-cu ilin fevralında isə məhkəmə ölkənin tələblərini təmin edib ki, bu da bazanın gələcək fəaliyyətini risk altına salıb. Baş nazir Starmerin sözlərinə görə, Çaqosun Mavrikiyə verilməsi bazanın uzunmüddətli sabit fəaliyyətini təmin edəcək.

Kateqoriyalar