Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putinlə tarixi mübahisələr və uzun siyasi müzakirələr aparmaq niyyətində deyil.
"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, bu cür söhbətlər yalnız vaxt uzatmağa xidmət edir.
“Tarixi kitabları Putindən az oxumamışam. Rusiyanı da, Ukraynanı da yaxşı tanıyıram. Mən Rusiyanın bir çox şəhərində olmuşam, insanlarını, düşüncə tərzlərini bilirəm. Ona görə də bu mövzulara vaxt itirmək istəmirəm”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, əsas məsələ təhlükəsizlik və müharibənin tez bir zamanda başa çatdırılmasıdır. “Bizim qarşımızda böyük bir müharibə var. Mən Putinə yalnız bir məsələni demək istəyirəm – müharibənin sürətlə bitirilməsi. Mən yalnız bunu müzakirə etmək istəyirəm”, – deyə o əlavə edib.
Zelenskinin sözlərinə görə, danışıqların əsas məqsədi sülhə nail olmaq və hərbi qarşıdurmaya son qoymaq olmalıdır.
