6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Starmerin milli təhlükəsizlik üzrə müşaviri istefa verməyə hazırlaşır

16-fevral-2026
Turan Hüseynli
Starmerin milli təhlükəsizlik üzrə müşaviri istefa verməyə hazırlaşır
Yazı Ölçüsü:
Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilin sonuna qədər vəzifəsindən istefa vermək imkanını nəzərdən keçirir.
"PostMedia" xəbər verir ki, bu barədə mənbələrinə istinadən "The Guardian" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Pauell eyni zamanda baş nazir Kir Starmerin aparat rəhbəri vəzifəsini tutmaq təklifindən də imtina edib. Bu post, qalmaqalla bağlı olaraq istefa vermiş Morqan MakSuinin gedişindən sonra boş qalmışdı. Qalmaqal ABŞ-da səfir vəzifəsinə Piter Mandelsonun təyin olunması ilə əlaqəli olub. Belə ki, Mandelsonun daha əvvəl pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə yaxın münasibətdə olduğu barədə məlumatlar yayılmışdı.
Məqalədə qeyd olunur ki, Pauell 1997–2007-ci illərdə Toni Bleyerin baş nazirliyi dövründə 10 il ərzində tutduğu vəzifəyə qayıtmaq istəməyib.
The Guardian vurğulayır ki, Pauell hazırkı baş nazirin xarici siyasət kursunun formalaşdırılmasında həlledici rol oynayır. Xüsusilə o, Ukraynaya dəstək göstərən “istəklilər koalisiyası” çərçivəsində Avropa liderləri ilə əməkdaşlığa cavabdehdir. Medianın məlumatına görə, Pauell ABŞ nümayəndə heyəti ilə danışıqlardan əvvəl ukraynalı rəsmilərə də məsləhətlər verib.
Nəşr Pauellin mümkün gedişini Starmer komandasının daha bir əsas fiqurunu itirməsi kimi dəyərləndirir. Bildirilir ki, son bir həftə ərzində MakSuinidən başqa, həmçinin baş nazirin ictimaiyyətlə əlaqələr üzrə direktoru Tim Allan və dövlət qulluğunun rəhbəri, eyni zamanda Nazirlər Kabinetinin katibi Kris Vormold da hökuməti tərk ediblər.
Qəzet yazır ki, Pauell qeyri-rəsmi diplomatiya, o cümlədən münaqişə zonalarında və silahlı qruplaşmalarla iş üzrə ixtisaslaşmış Inter-Mediate məsləhətçi şirkətinə rəhbərlik edir. The Guardian bu şirkətin İspaniyada fəaliyyət göstərmiş baskların “ETA” terror təşkilatının fəaliyyətinin dayandırılmasında oynadığı rolu xatırladır.
Məlumata görə, Pauell həmçinin Kolumbiya prezidenti Xuan Manuel Santos-a “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) üsyançı qruplaşması ilə sülh sazişinin imzalanması prosesində, eləcə də Mozambik prezidenti Filipe Jasintu Nyusi-yə 2019-cu ildə “Renamo” partiyası ilə sülh razılaşması üzrə danışıqlarda məsləhətlər verib. Həmin razılaşma partiyanın 5,2 mindən çox döyüşçüsünün tərksilah edilməsi və Mozambikin silahlı qüvvələri ilə polis sıralarına inteqrasiyasını nəzərdə tuturdu.
Bununla yanaşı, Britaniya baş nazirinin ofisindəki mənbələr Pauellin istefa verməyə hazırlaşması ilə bağlı yayılan məlumatları “qəti şəkildə təkzib ediblər” və ona Starmerin aparat rəhbəri vəzifəsinin təklif edilməsi barədə xəbərləri də yalan adlandırıblar.
Kateqoriyalar