Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ABŞ tərəfindən İrana hücum ediləcəyi halda İslam Respublikasına yardım və dəstək göstərməyə hazır olduğunu bəyan edib. Lakin hərəkat ABŞ-la müharibədə birbaşa iştirak etməyi planlaşdırmır.
"PostMedia" xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri yazır.
Nəşr “Taliban”ın sözçüsü Zəbiullah Mücahidin bazar günü radio efirində səsləndirdiyi açıqlamaya istinadən bildirir:
“Əgər ABŞ İran İslam Respublikasına zərbə endirərsə, ‘Taliban’ yardım və dəstək göstərəcək.”
Mücahidin sözlərinə görə, əfqan xalqı “həmrəylik nümayiş etdirəcək və mümkündür ki, İranla əməkdaşlıq etsin”. Lakin o, bunun avtomatik olaraq “ABŞ-a qarşı cavab müharibəsində” əfqan taliblərinin iştirakı demək olmadığını vurğulayıb.
The Jerusalem Post diqqətə çatdırır ki, taliblərin əsas mesajı ondan ibarətdir ki, onlar ABŞ və İran arasında münaqişə istəmirlər, diplomatik yolların üstün tutulmasını və İranın nüvə proqramı ətrafında danışıqların davam etdirilməsini dəstəkləyirlər.
Bazar günü ABŞ dövlət katibi Marko Rubio da bildirib ki, Vaşinqton hələlik İranın nüvə problemini diplomatik yolla həll etməyə üstünlük verir.
Gözlənilir ki, Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu çərşənbə axşamı Cenevrədə keçiriləcək.
Xatırladaq ki, fevralın əvvəlində də Oman şəhərində ABŞ və İran nümayəndələri arasında danışıqlar aparılıb və tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər. Media məlumatlarına görə, Amerika tərəfi İranın raket proqramı və Yaxın Şərqdəki fəaliyyəti də daxil olmaqla geniş məsələlər spektrini müzakirə etmək istəyib. İran isə yalnız nüvə məsələsini müzakirə etməyə hazır olduğunu bəyan edib.
Bu məsləhətləşmələr ABŞ-ın İran yaxınlığında ciddi hərbi qüvvələr cəmləşdirdiyi bir vaxtda aparılır.
Amerika KİV-ləri daha əvvəl məlumatlı mənbələrə istinadən bildiriblər ki, prezident Donald Trampın göstərişi olacağı təqdirdə ABŞ İran əleyhinə bir neçə həftə davam edəcək genişmiqyaslı hərbi əməliyyata hazırlaşa bilər. Pentaqon təkcə sürətli zərbə endirməyə deyil, həm də İranın dövlət və güc strukturlarına qarşı uzunmüddətli kampaniya aparmağa qadir qüvvələr hazırlayır. Bu ssenari yalnız İranın nüvə proqramının dayandırılmasına yönəlmiş diplomatik səylər nəticə vermədiyi halda reallaşa bilər.