Avropanın aparıcı futbol çempionatları və kuboklarında növbəti oyunlar keçirilib və bir sıra maraqlı nəticələr qeydə alınıb.
"PostMedia" xəbər verir ki, İngiltərə Premyer Liqasının 34-cü turunda Londonun “Çelsi” klubu səfərdə “Brayton”a 0:3 hesabı ilə məğlub olub. Meydan sahiblərinin heyətində Ferdi Kadıoğlu, Cek Hinşelvud və Denni Uelbek fərqləniblər. Bu nəticədən sonra “Brayton” 50 xalla 6-cı, “Çelsi” isə 48 xalla 7-ci pillədə qərarlaşıb.
İtaliya kubokunda “İnter” yarımfinal mərhələsini uğurla keçərək finala yüksəlib. Milan təmsilçisi cavab oyununda “Komo”nu 3:2 hesabı ilə məğlub edib. Görüşdə Hakan Çalhanoğlu dubl edib, qələbə qolunu isə Petar Suçiç vurub. İlk oyun 0:0 hesabı ilə başa çatmışdı.
Fransa kubokunda “Lans” finala vəsiqə qazanıb. Komanda yarımfinalda “Tuluza”nı 4:1 hesabı ilə məğlub edib. Finalın digər iştirakçısı “Strasburq” və “Nitsa” arasında müəyyənləşəcək.
İspaniya La Liqasının 33-cü turunda isə Madridin “Real” klubu öz meydanında “Alaves” üzərində 2:1 hesablı qələbə qazanıb. Qolları Kilian Mbappe və Vinisius Junior vurublar. “Real” bu qələbədən sonra 73 xalla ikinci pillədə yer alır.