Trampın Qış Olimpiya Oyunları ilə bağlı “böyük planları” var
06-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın İtaliyada keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı “böyük planları” var.
"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirilir ki, ABŞ administrasiyası bu Olimpiadanı ölkənin “qlobal idman lideri” kimi təqdim olunması üçün mühüm fürsət hesab edir. Dövlət Departamentinin daxili xidməti qeydinə əsasən, Tramp bu tədbirlə bağlı xüsusi strategiya hazırlayıb. Ağ Ev ABŞ-ın beynəlxalq idmanda aparıcı rolunu ön plana çıxarmağı hədəfləyir. Eyni zamanda Vaşinqton bu prosesi “Amerikada idman onilliyi” adlandırır.
Qeyd olunur ki, həmin onillik ərzində ABŞ 2028-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına, 2034-cü ildə isə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək. Bundan əlavə, 2026-cı ildə futbol üzrə dünya çempionatı da ABŞ-da keçiriləcək. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Milan şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək. Olimpiadanın rəsmi açılışı fevralın 6-da Milanın məşhur “San Siro” stadionunda baş tutacaq. Tədbirin beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcəyi və ABŞ-ın idman sahəsində qlobal mövqelərini gücləndirəcəyi gözlənilir.