N/A°C Bakı
1$ = 1.70₼
İdman

Erməni idmançısının geyimində "Azərbaycan" yazısını bağlamasına nazirdən reaksiya

07-yanvar-2026
Turan Hüseynli
Erməni idmançısının geyimində "Azərbaycan" yazısını bağlamasına nazirdən reaksiya
Yazı Ölçüsü:

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Jan­na Andreasyan xizəkçi Mikael Mikaelyanın yarış zamanı kostyumundakı “Azərbaycan” yazısını yapışqan lentlə bağlaması ilə bağlı insidentə münasibət bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə nazir 2025-ci ilin yekunlarına dair hesabat mətbuat konfransında açıqlama verib.

Nazir qeyd edib ki, hadisə ilə bağlı Ermənistan Xizək İdmanı Federasiyasına rəsmi sorğu göndərilib və vəziyyətin detalları araşdırılır.
“Biz bu insidentdən xəbərdarıq. Federasiyaya yazılı müraciət ünvanlamışıq. Aydınlaşdırma aldıqdan sonra növbəti addımlarımızın məqsədəuyğunluğunu müəyyən edəcəyik. Mənim mövqeyim birmənalıdır: idman idman olaraq qalmalıdır. Yarış meydanında mümkün qədər dürüst və ədalətli idman prinsiplərinə əməl olunmalıdır”, – deyə Andreasyan vurğulayıb.

Nazirlik, həmçinin Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən tətbiq edilən cərimənin məbləğini və idmançının diskvalifikasiya olunub-olunmamasını daqiqləşdirməyi planlaşdırır.

Xatırladaq ki, Mikael Mikaelyan "Tour de Ski" turniri zamanı kostyumundakı turnirin sponsoru olan “Azərbaycan” yazısını skotçla bağladığı üçün FIS tərəfindən cərimələnib. Hadisə İtaliyanın Dobbiako şəhərində keçirilən yarışların birində baş verib. Turnir ərzində həm idmançıların geyimlərində, həm də tras boyunca “Azərbaycan” adı olan reklam lövhələri nümayiş etdirilib.

Cərimənin məbləği açıqlanmayıb. Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti Qaqik Sarkisyan isə yanvarın 6-da federasiyanın bu cəriməni özü ödəyəcəyini bildirib.

Kateqoriyalar