Moskvada rüşvətə görə Novqorod vilayətinin nəqliyyat naziri həbs edilib.
"PostMedia" Rusiya mətbuatına istinadən xəbər verir ki, rüşvətə görə Novqorod vilayətinin nəqliyyat və yol təsərrüfatı naziri Konstantin Kuranov həbs olunub.
Məlumata görə, ona qarşı Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndi üzrə – “xüsusilə böyük miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb. Bu maddə üzrə maksimal cəza – 15 il azadlıqdan məhrum etmədir. İşin detalları açıqlanmayıb.
Konstantin Kuranov 37 yaşındadır.
O, 2022-ci il iyulun 25-dən bəri Novqorod vilayətinin nəqliyyat və yol təsərrüfatı naziri vəzifəsini icra edir. Bu vəzifəyə qədər, 2020-ci ilin fevralından “Novqorodavtodor”un rəhbəri olub.
Bundan öncə, iyul 18-də Novqorod vilayətinin hökumət sədrinin müavini Stanislav Şultsev də eyni ittihamla – xüsusilə böyük miqdarda rüşvət alma maddəsi ilə həbs edilib.
Şultsev 2019-cu ilin dekabrından etibarən vilayət hökumətinin sədr müavini vəzifəsini icra edib. Bundan əvvəl o, nəqliyyat, yol təsərrüfatı və rəqəmsal inkişaf naziri olub. O, nəqliyyat, yol təsərrüfatı və mədəni irsin qorunması sahələrinə nəzarət edib.
Novqorod vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Dronov bildirib ki, rayonda vəzifəli şəxslərin saxlanılması ilə bağlı vəziyyətdən xəbərdardır və hökumət hüquq-mühafizə orqanlarına lazım olan bütün köməyi göstərir.
Qeyd edək ki, bu il 12-14 sentyab tarixlərində Novqorod vilayətində qubernator seçkiləri keçiriləcək. Seçkilərdə 4 beşmandatlı dairə üzrə ümumilikdə 49 namizəd irəli sürülüb – onların 43-ü altı siyasi partiyanı təmsil edir, 6 nəfər isə müstəqil namizəd kimi seçkilərə qatılıb.