Elektrik enerjisinin dünya üzrə qiymətlərinə dair yeni araşdırma göstərib ki, hansı ölkələrdə bir "Bitcoin"in hasilatı ən ucuz başa gəlir.
"PostMedia" "Naked Science"ə istinadən xəbər verir ki, reytinq cədvəlinə əsasən, bir bitkoinin hasilatı üçün tələb olunan elektrik enerjisinin dəyərinə görə İran birinci yerdədir . Cənub qonşumuzda 1 "Bitcoin" üçün cəmi 1324 ABŞ dolları sərf edilir.
Onu 1986 dollarlıq göstərici ilə Efiopiya izləyir. Bu iki ölkə beləliklə dünyanın ən enerji-səmərəli kriptomədənçilik mərkəzlərindən birinə çevrilir.
Bu nəticələr kripto sektoruna artan marağın fonunda əldə olunub. Bitkoin 2025-ci ildə artıq yeni qiymət rekordları müəyyən edib, enerji tənzimləyiciləri nəzarəti sərtləşdirir və ABŞ, eləcə də Aİ ölkələri rəqəmsal mədənçiliyin ətraf mühitə təsirini məhdudlaşdırmaq üçün yeni tədbirlər hazırlayır.
İran, Efiopiya, Sudan, Suriya, Kuba və Liviya kimi ölkələrdə elektrik enerjisi son dərəcə ucuzdur. Buna səbəb əsasən dövlət subsidiyaları və ya bol hidroelektrik stansiyalarıdır. Bu da "Bitcoin" hasilatını həmin ölkələrdə qeyri-adi dərəcədə sərfəli edir.
Rəqəmsal aktivlərin araşdırılması sahəsində lider şirkət "CoinShares" son açıqlamasında bildirib ki, elektrik enerjisi mədənçilərin ümumi istismar xərclərinin 70 %-dən çoxunu təşkil edir. Buna görə də şirkətlərin daha ucuz enerji təklif edən ölkələrə köçməsi təəccüblü deyil.
Efiopiya, xüsusilə də nəhəng hidroenerji layihələri, o cümlədən “Böyük Efiopiya Dirçəlişi Bəndi” sayəsində kriptomədənçilik üçün yeni mərkəzə çevrilməkdədir. Xarici mədənçilik şirkətləri artıq Efiopiya hökuməti ilə bağlanmış, çox ucuz enerji tarifləri nəzərdə tutan xüsusi müqavilələr vasitəsilə ölkə bazarına daxil olurlar.