N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Gürcüstan enerji sektorunda fəaliyyət göstərən şirkətlərin 1 milyard lari məbləğində cəriməsini siləcək

10-dekabr-2025
Turan Hüseynli
Gürcüstan enerji sektorunda fəaliyyət göstərən şirkətlərin 1 milyard lari məbləğində cəriməsini siləcək
Yazı Ölçüsü:

Gürcüstan hökumətinin qərarına əsasən, enerji sahəsində çalışan bütün şirkətlərin dövlət qarşısında illər ərzində toplanmış, ümumilikdə 1 milyard lari (təxminən 632 189 min manat) həcmində olan cərimələri müəyyən şərtlə silinəcək.

PostMedia” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, ölkədə enerji sisteminin inkişafına müəyyən dərəcədə şirkətlərin illərdir yığılan cərimə və penya borcları mane olurdu.

“Bu səbəbdən biz mühüm qərar qəbul etdik – sektorda fəaliyyət göstərən şirkətlərə qarşı tətbiq edilmiş cərimə və penyalara müəyyən şərtlərlə amnistiya tətbiq olunur. Yenilənə bilən enerji layihələrinin inkişafında iştirak edən bütün şirkətlərin dövlət qarşısında toplanmış cərimələri silinəcək və onların ümumi həcmi 1 milyard laridir”, – Kobaxidze deyib.

Onun sözlərinə görə, cərimələrin müəyyən şərtlərlə silinməsi iki məqsədə xidmət edir:

  1. şirkətlərin enerji layihələrini həyata keçirməkdə olan maliyyə maneələri aradan qaldırılır;

  2. şirkətlər planlaşdırılan layihələri vaxtında icra etməyə motivasiya olunurlar.

Şərtə əsasən, şirkətlər gələcəkdə yeni cərimələr toplamamaq üçün məsuliyyətli davranmalıdır. Əks halda, yeni yaranmış cərimələr tam şəkildə tətbiq olunacaq və əvvəllər bağışlanmış cərimələr də bərpa ediləcək.

Baş nazir əlavə edib ki, bu amnistiya dövlət və şirkətlər arasında daha məsuliyyətli və qarşılıqlı əməkdaşlığa əsaslanan yeni mərhələnin başlanğıcı olmalıdır. Bu isə yeni razılaşmalar, yeni qrafiklər və qarşılıqlı öhdəliklərin formalaşması deməkdir.

Kobaxidze vurğulayıb ki, hökumət bundan sonra yerinə yetirilməyən öhdəliklərə və dövlət büdcəsi qarşısında yeni yaranan borclara sərt yanaşacaq.

“Yeni yanaşma ilə biz elə bir enerji siyasəti tətbiq etməyə başlayırıq ki, həm şirkətlər üçün qəbulolunan olsun, həm də ölkə maksimum fayda əldə etsin. Bugünkü qərar enerji sisteminin inkişafına yeni təkan verəcək və bu, ölkənin iqtisadi inkişafı və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün həlledicidir”, – baş nazir bildirib.

Baş nazir iqtisadiyyat nazirliyinin rəhbərliyinə təşəkkür edib və enerji şirkətlərinə yenilənə bilən enerji layihələrinin icrasında uğurlar arzulayıb.

Kateqoriyalar