N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstanda "Oğru dünyası" ilə əlaqəsi olan 49 nəfər həbs edilib

16-dekabr-2025
Turan Hüseynli
Gürcüstanda "Oğru dünyası" ilə əlaqəsi olan 49 nəfər həbs edilib
Yazı Ölçüsü:

Gürcüstanın Daxili İşlər Nazirliyi “qanuni oğrular” dünyası ilə əlaqəsi olan 49 nəfəri saxlayıb, daha 14 nəfəri, o cümlədən 5 “qanuni oğru”nu qiyabi qaydada cinayət məsuliyyətinə cəlb edib.

"PostMedia" xəbər verir ki, bu barədə brifinq zamanı daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

Daraxvelidzenin sözlərinə görə, həmin şəxslər “cinayət aləminə üzvlük”, “cinayət toplantılarında iştirak”, “cinayət aləminin fəaliyyətinə dəstək vermə” və “cinayət aləminin üzvünə müraciət etmə” maddələri ilə ittiham olunurlar. Saxlanılanların əksəriyyəti əvvəllər müxtəlif ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşları sözügedən polis əməliyyatını məhkəmə qərarı əsasında həyata keçiriblər.

“Son bir neçə ay ərzində məhkəmə qərarı əsasında aparılmış gizli istintaq tədbirləri nəticəsində toplanmış sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə olan, özlərini ‘qanuni oğru’ adlandıran şəxslərlə əlaqədə olublar, onların tapşırıqlarını yerinə yetiriblər və ‘cinayət aləmi’nin fəaliyyətində fəal iştirak ediblər.

Həmçinin müəyyən edilib ki, müxtəlif dövrlərdə Gürcüstanda və xaricdə mübahisə edən tərəflərin iştirakı ilə ‘cinayət aləmi’ndə hesablaşmalar təşkil olunub və bu proseslərdə xaricdə olan ‘qanuni oğrular’ da iştirak ediblər”, – deyə Daraxvelidze bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin üzərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı polis maddi sübut kimi kompüter texnikası və mobil telefonlar müsadirə edib. Həmin vasitələrlə onlar bir-biri ilə və xaricdə olan “qanuni oğrular”la əlaqə saxlayıblar. Bundan əlavə, axtarışlar zamanı odlu silah da aşkarlanaraq götürülüb.

“İstintaq Cinayət Məcəlləsinin 223-cü prim, 223-cü sekunda, 223-cü tersiya və 223-cü kvarta maddələri üzrə aparılır. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”, – deyə Aleksandr Daraxvelidze qeyd edib.

Kateqoriyalar