ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə 2,8 milyard dollar dəyərində hərbi sursat paketi satmağı planlaşdırır.
"PostMedia"nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, paketə hər birinin çəkisi 2 min funt (təxminən 907 kq) olan 40 min aviabomba daxil olacaq.
Məlumata görə, söhbət 20 min "MK-84" və 20 min "BLU-117" bombasından gedir. Bundan əlavə, paketə 20 min "I-2000" tipli deşici döyüş başlığı da daxildir. Planlaşdırılan sövdələşmənin ümumi dəyəri 2,8 milyard dollar təşkil edir.
ABŞ administrasiyası satış planı barədə artıq Konqresin iri silah satışlarına dair sazişləri nəzərdən keçirən müvafiq komitələrini qeyri-rəsmi şəkildə məlumatlandırıb. Bununla belə, sövdələşmə ilə bağlı rəsmi bildiriş hələ yayımlanmayıb. ABŞ Dövlət Departamenti və İsrailin Vaşinqtondakı səfirliyi "Reuters"in sorğusuna cavab verməyib.
"The Washington Post" qəzetinin daha əvvəl yaydığı məlumata görə, bu, son illərdə İsrailə bu tip sursatların ən böyük satışlarından biri olacaq. 2 min funtluq bombaların tədarükü ilə bağlı əvvəlki böyük sövdələşmə Tramp administrasiyası tərəfindən 2025-ci ildə təsdiqlənib və onun dəyəri 2,04 milyard dollar olub.
MK-84 bombaları Qərb ölkələrinin silah arsenalında olan ən güclü adi sursatlardan hesab edilir. İsrail ordusu bu bombalardan Qəzza zolağında və Livanda həyata keçirilən hərbi əməliyyatlar zamanı istifadə edib. Bu tip sursatların sıx məskunlaşmış ərazilərdə tətbiqi hüquq müdafiəçiləri və beynəlxalq humanitar hüquq üzrə mütəxəssislər tərəfindən tənqid olunub.
Planlaşdırılan satış ABŞ-da İsrailə göstərilən hərbi dəstəyin miqyası ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda gündəmə gəlib. "Quinnipiac University"nin iyun ayında keçirdiyi sorğuya əsasən, ABŞ seçicilərinin 48%-i, demokratların isə 66%-i ABŞ-ın İsrailə həddindən artıq dəstək verdiyini düşünürdü. 2017-ci ildə bu fikirdə olan respondentlərin payı müvafiq olaraq 16% və 20% təşkil edib.
Bu arada, Tramp administrasiyasının təklifi Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda irəli sürülüb. ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə zərbələrə başlayıb. Bundan sonra İran İsrailə və ABŞ-ın hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə cavab zərbələri endirib.