6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Sankt-Peterburqda benzin qıtlığı rekord həddə çatıb

11-sentyabr-2026, 22:38
Sankt-Peterburqda benzin qıtlığı rekord həddə çatıb
Yazı Ölçüsü:

Sankt-Peterburq yanacaq böhranının yeni dalğasının episentrinə çevrilib. Şəhərdə yanacaqdoldurma məntəqələrinin qarşısında kilometrlərlə növbələr yaranıb, bəzi məntəqələrdə yanacaq tamamilə tükənib və benzin satışına ciddi məhdudiyyətlər tətbiq olunub.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, sentyabrın 11-nə olan məlumata görə, benzinin növbəsiz əldə oluna bildiyi yanacaqdoldurma məntəqələrinin payı 40%-dən aşağı düşüb. Halbuki avqustda bu göstərici təxminən 90% səviyyəsində idi. Bu, iqtisadçı Yanis Klyugenin təhlil etdiyi "GdeBenz" xidmətinin məlumatlarından məlum olur. Faktiki olaraq hər ikinci yanacaqdoldurma məntəqəsində ümumiyyətlə benzin olmayıb. Sentyabrın 3-9-da benzinlə bağlı vəziyyətin pisləşmə sürətinə görə Sankt-Peterburq Rusiyanın iri şəhərləri arasında ən pis göstəriciyə malik şəhərlərdən biri olub.

Yanacaq Rusiyanın Şimal-Qərb regionunun ən böyük və istehsal gücünə görə ölkənin ikinci ən böyük neft emalı zavodu olan "KİNEF"ə pilotsuz uçuş aparatları ilə hücumdan bir neçə gün sonra yanacaqdoldurma məntəqələrindən yoxa çıxmağa başlayıb. "Reuters"ın məlumatına görə, ildə 2 milyon ton benzin və 7 milyon ton dizel yanacağı istehsal edən zavod neft emalı üzrə iki qurğunun hər ikisində zədələnib və avqustun 30-da istehsalı dayandırıb. Kirışi zavodu Sankt-Peterburqun əsas benzin tədarükçüsüdür. Klyugenin sözlərinə görə, hücumdan bir neçə gün sonra şəhərdə yanacaqdoldurma məntəqələrinin qarşısında növbələr yaranmağa başlayıb və fəaliyyət göstərən məntəqələrin payı azalıb.

Klyugen qeyd edir ki, oxşar ssenari Nijni Novqorodda da müşahidə olunur. Avqustun 26-da "Lukoyl" şirkətinin "NORSİ" zavodu PUA hücumuna məruz qalıb və neft emalını fövqəladə qaydada dayandırıb. Nəticədə şəhərdə yanacaqdoldurma məntəqələrinin təxminən dörddə birində benzin qalmayıb, yanacağın növbəsiz əldə olunduğu məntəqələrin payı isə 80%-dən 50%-ə düşüb.

Sankt-Peterburqda benzin qıtlığı ilə bağlı vəziyyət hazırda böhranın əvvəlki dalğasının yaşandığı iyul ayından daha pisdir. Şəhərdə çalışan taksi sürücüləri "Fontanka"ya bildiriblər ki, yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr yaranır. "Növbə kilometrlərlə uzanır", - sürücülərdən biri deyib. Digərinin sözlərinə görə, şəhərdə benzin var, amma azdır və əsasən "Qazprom Neft" və "Rosneft" yanacaqdoldurma məntəqələrində tapılır. "Təxminən iki saat növbədə dayanmalısan", - sürücü bildirib.

Yanacaqla bağlı vəziyyət iyul ayındakı ssenarini təkrarlayır. Leninqrad vilayətinin iqtisadi inkişaf üzrə vitse-qubernatoru Yeqor Mişçeryakov sentyabrın 10-da bildirib ki, bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükü azaldılıb və ayrı-ayrı məntəqələrdə fasilələr yarana bilər. Onun sözlərinə görə, buna səbəb "neft emalı güclərinə hücumlar fonunda yaranan logistika problemləridir". O əlavə edib ki, hakimiyyət orqanları "yanacaq tədarükünün əl ilə idarə olunması rejiminə keçib".

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930