Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov İrəvanı Rusiya şirkətlərinin reyd yolu ilə ələ keçirilməsindən çəkinməyə çağırıb.
"PostMedia" xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti onun sözlərini yayıb.
"Belə taktika Ermənistan iqtisadiyyatı üçün öz ayağına atəş açmaq demək olacaq. Nəzərə almaq lazımdır ki, Rusiya biznesi respublikada on minlərlə iş yeri yaradıb və öz aktivlərini qanuni əsaslarla səmərəli şəkildə idarə edərək Ermənistanın ÜDM-inə əhəmiyyətli töhfə verir".
Şevtsovun sözlərinə görə, ölkədə növbəti hədəflərin yerli sənaye və infrastruktur müəssisələri ola biləcəyinə dair əlamətlər var.
Bir gün əvvəl bu məsələyə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da toxunub. O, İrəvanın Moskvanın milyardlarla dollar investisiya yatırdığı obyektləri reyd yolu ilə ələ keçirdiyini bildirib.
Şoyqu xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistanı iqtisadi və enerji böhranından xilas edib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı Avrasiya İqtisadi İttifaqına üzvlüyün 10 ili ərzində, demək olar ki, üç dəfə böyüyüb.
Eyni zamanda, Şoyqu bildirib ki, Ermənistan hakimiyyəti Moskva ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı gücləndirmək xəttini seçib.