Sentyabrın 15-də axşam saatlarında Varşavadakı Frederik Şopen adına hava limanının terminalının bir neçə hissəsindən sərnişinlər təxliyə edilib. Buna səbəb nəzarətsiz qoyulmuş baqajla bağlı daxil olan məlumat olub.
"PostMedia"nın "TVN24"ə istinadən məlumatına görə, hadisə yerinə Polşa Sərhəd Xidmətinin partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssisləri cəlb edilib. Onlar baqajı mümkün təhlükə baxımından yoxlayıblar. Daha sonra hava limanı normal fəaliyyətinə qayıdıb.
Sahibsiz baqajla bağlı məlumat polisə saat 19:00-a az qalmış daxil olub. Varşava polisinin nümayəndəsi Pavel Xmuranın sözlərinə görə, gediş terminalında olan sərnişinlər, həmçinin A1 girişinin yaxınlığındakı gəliş zonasındakı insanlar təxliyə edilib.
Əməliyyat zamanı hava limanının gediş zonasına avtomobillərin girişi də məhdudlaşdırılıb. Həmin əraziyə yalnız şəhər avtobuslarının hərəkətinə icazə verilib.
Hava limanının nümayəndəsi Pyotr Rudski terminalın bir hissəsinin məhz sahibsiz baqaja görə boşaldıldığını təsdiqləyib. İlkin mərhələdə binadan neçə nəfərin çıxarıldığı açıqlanmayıb.
Polşa radiosunun məlumatına görə, əməliyyat zamanı Sərhəd Xidmətinin mütəxəssisləri sahibsiz baqajı yoxlayaraq zərərsizləşdiriblər.
Xidmətlərin işini başa çatdırmasından sonra terminal normal fəaliyyət rejiminə qayıtmağa başlayıb və sərnişinlərin hava limanının binasına daxil olmasına yenidən icazə verilib.
Hadisə hava limanının fəaliyyətində uzunmüddətli fasiləyə səbəb olmayıb. Əməliyyat başa çatdıqdan sonra konkret reyslərin həyata keçirilməsi ilə bağlı qərarları aviaşirkətlər qəbul edib.