Los-Ancelesin şimal-qərbində yerləşən Çatsvort rayonunda televiziya kanalına məxsus helikopter qəzaya uğrayıb. Helikopterdəki jurnalistlər həmin ərazidə baş vermiş başqa bir yol-nəqliyyat hadisəsini işıqlandırırmış.
"PostMedia" xəbər verir ki, "NBC News"un məlumatına görə, qəza çərşənbə axşamı axşam saatlarında baş verib.
Los-Anceles Yanğınsöndürmə Xidmətindən bildirilib ki, qəza nəticəsində 3 nəfər ölüb, daha bir nəfər xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat açıqlanmayıb.
Helikopter San-Fernando vadisində yerləşən Çatsvortdakı anbar kompleksinin yaxınlığında və ya ərazisindəki avtomobil dayanacağına düşüb.
"NBC Los Angeles"ın məlumatına görə, qəzaya uğrayan helikopter xəbər saytına məxsus olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər alov içində olan helikopter aşkar ediblər. Yanğın yaxınlıqda park edilmiş bir neçə avtomobilə də keçib. 3 nəfərin öldüyü hadisə yerində müəyyən edilib, daha bir yaralı isə xəstəxanaya çatdırılıb.
Yanğınsöndürmə xidmətinin kapitanı Branden Silvermanın sözlərinə görə, ölənlərdən ən azı birinin helikopterin düşdüyü ərazidə yerdə olan piyada olduğu ehtimal edilir.
Helikopter qəzasından qısa müddət əvvəl həmin ərazidə başqa ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 17:03-də Nordhoff küçəsində Los-Anceles Metro nəqliyyat sisteminə məxsus avtobusla minik avtomobili toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Yanğınsöndürənlər avtobusla minik avtomobilinin toqquşduğu əraziyə gələrək avtomobildə sıxışıb qalan şəxsləri çıxarıb və avtobusdakı sərnişinləri yoxlayıblar. Silvermanın sözlərinə görə, yanğınsöndürmə və polis əməkdaşları hadisə yerinin yaxınlığında olarkən, saat 19:00-dan az əvvəl helikopterin qəzaya uğraması barədə məlumat daxil olub. Xidmət əməkdaşları dərhal qəza yerinə yönəliblər.
Helikopterin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib. Hadisə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən araşdırılacaq.
Los-Anceles meri Karen Bass həlak olanların ailələrinə başsağlığı verib və fövqəladə xidmət əməkdaşlarına operativ reaksiyalarına görə təşəkkür edib.