ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerinin dəniz minasına toxunaraq partlaması ilə bağlı iddiasını yalan adlandırıb.
"PostMedia"nın məlumatına görə, CENTCOM-un bazar ertəsi yaydığı açıqlamada bildirilib ki, “El Gaia” adlı tanker ötən ay İran raketinin zərbəsinə məruz qalıb və hərəkət qabiliyyətini itirib.
“Ötən həftəsonu İran Oman sahilləri yaxınlığındakı sularda olan bu gəmiyə yenidən pilotsuz uçuş aparatı ilə hücum edib. Hazırda tanker regiondakı tərəfdaşlardan biri tərəfindən yedəyə alınaraq aparılır”, – açıqlamada qeyd olunub.
Komandanlıq SEPAH-ın iddiasını “bu təşkilatın boğazdan keçən kommersiya gəmilərinin hərəkətinə mane olmaq üçün əl atdığı yalan və təhdid cəhdlərinin növbəti nümunəsi” kimi qiymətləndirib.
Bundan əvvəl SEPAH tankerin Hörmüz boğazının cənub hissəsində İran tərəfindən istifadəsi qadağan edilmiş marşrutla hərəkət etməyə çalışarkən minaya toxunduğunu və partlayaraq alovlandığını açıqlamışdı.