6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Ukrayna PUA-larının hücumlarının nəticələrinə dair foto və videoları paylaşdığı üçün azı 80 rusiyalı cəzalandırılıb

11-sentyabr-2026, 23:05
Ukrayna PUA-larının hücumlarının nəticələrinə dair foto və videoları paylaşdığı üçün azı 80 rusiyalı cəzalandırılıb
Yazı Ölçüsü:

Rusiyada 2025-ci ildən etibarən Ukrayna PUA-larının hücumlarının nəticələri barədə məlumat yaydıqları üçün azı 80 nəfər cəzalandırılıb.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, bu nəticəyə "Vyorstka" məhkəmə bazalarını təhlil etdikdən sonra gəlib. Onlardan 75 nəfər 1-30 min rubl məbləğində cərimələnib, daha beş iş üzrə məhkəmələr xəbərdarlıqla kifayətlənib. Məsuliyyətə cəlb olunmaq üçün məlumatın yalnız açıq şəkildə yayımlanması tələb olunmayıb. Tanışlara, qohumlara və ya həmkarlara material göndərilməsi ilə bağlı da işlər açılıb.

Volqoqrad vilayətində kənd məktəbində rus dili müəllimi 15 nəfərin olduğu işçi çatına göndərdiyi səsli mesaja görə 3 min rubl cərimələnib. Məhkəmənin müəyyən etdiyi kimi, səsli mesajda "yaşayış məntəqəsindəki obyektlərə PUA hücumu, tarix, saat, obyektin adı və konkret olaraq hansı obyektlərin zərər gördüyü" barədə məlumat verilib.

Dağıstanda yerli sakin isə evdəki müşahidə kamerasından çəkilmiş və PUA partlayışlarının göründüyü videoya görə 1,5 min rubl cərimələnib. Kişi videonu WhatsApp-dakı ailə çatına göndərib, daha sonra görüntü sosial şəbəkələrdə yayılıb.

İnzibati protokollar müxtəlif maddələr üzrə tərtib edilib. Leninqrad, Ryazan, Tula, Yaroslavl, Smolensk, Volqoqrad, Rostov, Orenburq və Tomsk vilayətlərində, Tatarıstan, Dağıstan və Çuvaşiyada PUA hücumlarının nəticələrini paylaşan sakinlər operativ qərargahların və qubernatorların qərarlarının tələblərini pozduqları üçün regional qanunvericilik əsasında cəzalandırılıblar.

Qaraçay-Çərkəzdə iki nəfər kütləvi informasiya azadlığından sui-istifadə ilə bağlı maddə (Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.15-ci maddəsi) üzrə hər biri 30 min rubl cərimələnib. Onlar PUA-nın kurort qəsəbəsində tikintisi başa çatmamış otelə hücum etdiyini göstərən video çəkiblər. Məhkəmə isə bu məlumatı "açıq-aşkar yalan" hesab edib.

Rusiyanın ilhaq etdiyi Krımda isə fövqəladə vəziyyət zamanı davranış qaydalarına əməl edilməməsi ilə bağlı federal maddə (Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.6.1-ci maddəsi) üzrə işlər açılıb. 2025-2026-cı illərdə yarımadada PUA hücumlarının nəticələrini paylaşdıqları üçün azı səkkiz nəfər cərimələnib.

Azı üç nəfərə qarşı eyni vaxtda iki iş açılıb. Onlar PUA hücumlarının nəticələrini əks etdirən videoları müxtəlif platformalarda yerləşdiriblər. Məsələn, Smolensk vilayətinin sakininə "VKontakte" sosial şəbəkəsində iki ictimai səhifədə belə videolar paylaşdığı üçün hər biri 3 min rubl olmaqla iki cərimə təyin edilib.

"Vyorstka"nın müəyyən etdiyi işlərdən biri xitamla nəticələnib. Məhkəmə "videonun WhatsApp messencer vasitəsilə göndərilməsinin ictimai xarakter daşımadığı və buna görə də inzibati xəta tərkibi yaratmadığı" qənaətinə gəlib. Digər bir halda isə məhkəmə protokolu çatışmazlıqların aradan qaldırılması üçün geri qaytarıb və protokolu tərtib edən qurumdan pozuntunun törədildiyi yeri müəyyən etməsini tələb edib.

"TASS"ın məlumatına görə, Rusiyanın 62 vilayətində, həmçinin ilhaq edilmiş Sevastopol və Krımda PUA hücumlarının nəticələrinin və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin yayımlanmasına məhdudiyyətlər tətbiq edilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930