6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

"Forbes" Donald Trampın sərvətini 7 milyard dollar qiymətləndirib

16-sentyabr-2026, 10:16
"Forbes" Donald Trampın sərvətini 7 milyard dollar qiymətləndirib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar qiymətləndirilir.

"PostMedia" xəbər verir ki, bu hesablamanı "Forbes" jurnalı aparıb.

Bu məbləğ Trampın 2024-cü il prezident seçkilərində qələbəsi zamanı qeydə alınan göstəricidən 2,7 milyard dollar çoxdur. Bununla belə, onun sərvəti son bir ildə təxminən 300 milyon dollar azalıb.

Trampın "Ağ Ev"ə qayıtmasından sonra sərvətinin kəskin artmasında əsas rolu kriptovalyuta layihələri və xarici sövdələşmələr oynayıb. "Forbes"un hesablamasına görə, hazırda onun sərvətinin təxminən 2,4 milyard dolları kriptovalyuta və likvid aktivlərin payına düşür.

Bu kateqoriyanın ən böyük hissəsini təxminən 1,9 milyard dollar dəyərində qiymətləndirilən likvid aktivlər təşkil edir. "Forbes" bu artımı kriptovalyuta satışlarından əldə olunan gəlirlərlə və əlaqəli müəssisələrdən birində Trampın payı ilə də əlaqələndirir. Vəsaitlərin bir hissəsi Trampın özünə məxsus payın satışından əldə olunub. O, daha əvvəl Vaşinqtondakı otelin satışından və San-Fransiskodakı daşınmaz əmlak obyektinin yenidən maliyyələşdirilməsindən əldə olunan vəsait hesabına pul ehtiyatlarını artırıb.

Trampa məxsus memkoinlərin dəyəri "Forbes" tərəfindən təxminən 183 milyon dollar qiymətləndirilir. "World Liberty Financial" kriptovalyuta layihəsindəki payı 78 milyon dollar, bu layihə ilə əlaqəli USD1 steyblkoin biznesi isə 233 milyon dollar dəyərində hesablanır. Bu aktivlərin dəyəri Trampın seçkilərdə qələbəsindən sonra əhəmiyyətli dərəcədə artıb, lakin sonradan kriptovalyuta bazarındakı eniş fonunda azalıb.

ABŞ prezidentinin sərvətinin ikinci ən böyük mənbəyi onun qolf klubları və kurortlarıdır. "Forbes" onların ümumi dəyərini təxminən 1,8 milyard dollar qiymətləndirir. Bu məbləğə ABŞ-dakı 10 qolf klubu, Floridadakı "Mar-a-Lago" kurortu, "Trump National Doral Miami", eləcə də Avropadakı üç obyekt - ikisi Şotlandiyada, biri isə İrlandiyada yerləşən obyektlər daxildir. "Mar-a-Lago"nun dəyəri 650 milyon dollar, Trampın "Trump National Doral"dakı payı isə borclar çıxıldıqdan sonra təxminən 365 milyon dollar qiymətləndirilir.

Daha 1,1 milyard dollar Trampın daşınmaz əmlak investisiyalarının payına düşür. Əsas aktivlər arasında Nyu-York və San-Fransiskodakı ofis-kommersiya komplekslərindəki paylar, "Trump Tower", Floridadakı yaşayış obyektləri, həmçinin digər binalar və torpaq sahələri var. Bununla belə, daşınmaz əmlak aktivlərinin bir hissəsi borcla yüklənib və "Forbes" sərvətin hesablanması zamanı həmin borcları çıxır.

"Trump Media & Technology Group" şirkətindəki Tramp payının dəyəri isə təxminən 1 milyard dollar qiymətləndirilir. Bu şirkət "Truth Social" sosial şəbəkəsinin sahibidir. Bununla yanaşı, şirkətin maliyyə göstəriciləri zəif olaraq qalır. "Trump Media" 2025-ci ildə cəmi 3,7 milyon dollar gəlir əldə edib və 712 milyon dollar xalis zərər açıqlayıb. Son bir ildə şirkətin səhmlərinin ucuzlaşması Trampın sərvətinin azalmasına səbəb olan əsas amillərdən biri olub.

"Forbes" daha 700 milyon dolları Trampın digər aktivləri kimi qiymətləndirir. Bu məbləğin ən böyük hissəsini onun lisenziyalaşdırma və idarəetmə biznesi təşkil edir. Həmin biznesin dəyəri 655 milyon dollar hesablanır. Bundan başqa, Trampın təyyarəsi və helikopteri, məhsulların lisenziyalaşdırılması biznesində payı, pensiya aktivləri və digər investisiyaları var.

Eyni zamanda "Forbes" təxminən 140 milyon dollar məbləğində əlavə öhdəlikləri də nəzərə alır. Bunun təxminən 94 milyon dolları hüquqi öhdəliklərə, daha 50 milyon dolları isə aktivlərlə təmin edilmiş kredit xəttinə aiddir.

Beləliklə, son bir ildə qiymətləndirmənin azalmasına baxmayaraq, Trampın sərvəti "Forbes"un 2024-cü il seçkilərində onun qələbəsindən sonra qeydə aldığı göstəricidən xeyli yüksək olaraq qalır.

Jurnalın məlumatına görə, Trampın "Ağ Ev"ə qayıtmasından sonra həyata keçirilən kriptovalyuta layihələri və sövdələşmələr bu artımın əhəmiyyətli hissəsini təmin edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930