Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın son həftələrdə onun olduğu təyyarəyə dronlarla iki dəfə hücum etməyə çalışdığını bildirib.
"PostMedia" xəbər verir ki, o, bu barədə “CBS News”a müsahibəsində danışıb.
“Moldovada mənim prezident təyyarəm orada idi və onlar məhz buna görə Moldovaya hücum etdilər. Evə qayıdanda da yenidən Kişinyov üzərindən keçdik və eyni şeyi etdilər”, - deyə Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynaya qayıdarkən Kişinyovdan keçdiyi zaman da oxşar insident baş verib. Sentyabrın 9-da Ukrayna Prezidenti Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün Kişinyovdan Osloya yola düşərkən Moldova hava məkanı dron təhlükəsi səbəbindən müvəqqəti bağlanmışdı. Norveçin Baş naziri Yonas Qar Store həmin vaxt Zelenskinin təyyarəsinin dron tərəfindən “az qala vurulduğunu” bildirmişdi.
Zelenski indi açıqlayıb ki, bundan bir neçə gün sonra Ukraynaya qayıdarkən daha bir və ya iki dron da Moldova hava məkanına daxil olub. Bu insident barədə daha əvvəl məlumat verilməmişdi.
Ukrayna rəsmiləri daha sonra prezident nümayəndə heyətinin bütün üzvlərinin təhlükəsiz olduğunu bildiriblər. Həmin vaxt insidentin qəsdən törədilib-törədilmədiyi dəqiq məlum olmayıb.
Zelenski hər iki hadisənin özünü və digər xarici liderləri qorxutmağa yönəlmiş Rusiya strategiyasının bir hissəsi olduğunu düşündüyünü bildirib.
“Bəlkə də orada amerikalıların olduğunu bilmirdilər, yaxud əksinə, bilirdilər. Çünki mən onlara inanmıram. Düşünürəm ki, bilirdilər”, - deyə Zelenski ikinci insidenti şərh edərkən bildirib.
Moldova rəsmilərinin məlumatına görə, sentyabrın 9-da iki Rusiya dronu ölkənin hava məkanına daxil olub. Onlardan biri paytaxt yaxınlığında yerə düşərək yanğına səbəb olub, digəri isə Rumıniya istiqamətində hərəkət edib.