"CBS News"un əldə etdiyi və fəaliyyətdə olan ABŞ hərbçiləri tərəfindən təqdim edilən yeni fotolar İranın raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələrdən sonra Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə dəyən ziyanın miqyasını ilk dəfə ətraflı şəkildə göstərir.
"PostMedia" xəbər verir ki, fotolar ABŞ-nin regiondakı bir neçə hərbi obyektində çəkilib və hərbçilər orduda mövcud məhdudiyyətlər səbəbindən media ilə sərbəst ünsiyyət hüququna malik olmadıqları üçün onları anonimlik şərtilə "CBS News"a təqdim ediblər.
Fotolardan biri Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında çəkilib. Görüntüdə birbaşa zərbə alan "Boeing E-3 Sentry" təyyarəsi görünür. Təyyarənin quyruq hissəsi tamamilə qopub, gövdəsi isə yanaraq ciddi zədələnib. Zədələnmiş təyyarədə hava kəşfiyyatı üçün istifadə olunan fırlanan radar sistemi yerləşirdi.
Digər fotolarda Küveytdəki "Camp Buehring" hərbi bazasına endirilən zərbələrin nəticələri əks olunub. Bu baza quru qoşunlarının, zirehli texnikanın və bəzi uçuş aparatlarının yerləşdirilməsi və daşınması üçün əsas mərkəzlərdən biri kimi istifadə olunur.
Görüntülərdə dağıdılmış binalar və kazarmalar, zədələnmiş avtomobillər və məhv edilmiş qoşqular görünür. Bəzi tikililər faktiki olaraq içəridən tamamilə yanıb. Onların yanında "T-wall" adlanan beton qoruyucu divarlar salamat qalıb. Bu maneələr hərbçiləri qəlpələrdən və minaatan atəşindən qorumaq üçün nəzərdə tutulsa da, hava zərbələrinə qarşı təsirsiz olub.
Küveytdəki "Camp Arifjan" bazasında da zərər qeydə alınıb. "CBS News" bildirir ki, fotolar əvvəllər ictimaiyyətə demək olar ki, açıq olmayan zərbələrin nəticələri barədə təsəvvür yaradır.
"Bu, bazalarımıza dəyən ciddi ziyandır və ABŞ ictimaiyyətinə bu barədə məlumat verilməyib", - fəaliyyətdə olan hərbçilərdən biri telekanala bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri obyektlərin dağıdılmasını faktiki olaraq izləyib, lakin buna effektiv şəkildə qarşılıq verə bilməyib.
Yeni fotolar ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatının dərcindən qısa müddət sonra yayımlanıb. Sənədə əsasən, ABŞ-nin İranla müharibəsi zamanı hərbi texnikaya dəyən zərərin həcmi 3,7 milyard dollara qədər qiymətləndirilir. Söhbət, əsasən, təxminən 60 uçuş aparatından gedir.
Hesabatda həmçinin qeyd olunur ki, İranın zərbələri Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyadakı ABŞ obyektlərində yüzlərlə bina və tikiliyə ziyan vurub.
Baş müfəttişin məlumatına görə, söhbət yalnız birbaşa zərərdən getmir. Fevralın 28-dən iyunun 30-dək ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyəri təxminən 33,4 milyard dollar olub. Bunun 22,3 milyard dolları hərbi sursatlara xərclənib. Sursatların geniş istifadəsi strateji ehtiyatların azalmasına səbəb olub və ABŞ sənayesinin həmin ehtiyatları qısa müddətdə bərpa etmək imkanlarının məhdud olduğunu göstərib.
Pentaqon "CBS News"un yayımlanan fotolarla bağlı şərh sorğusuna cavab verməyib.
Vəziyyəti şərh edən hərbçilərdən biri Pentaqon nümayəndələrinin daha əvvəl istifadə etdiyi "müdafiəni yarıb keçən" ifadəsi ilə razılaşmayıb. Həmin ifadə müdafiə sistemindən təsadüfən keçən ayrı-ayrı raket və ya dronların olduğunu nəzərdə tuturdu.
"Biz bu bazaları qorumuruq. Sadəcə onların necə məhv edildiyini izləyirik", - hərbçi "CBS News"a bildirib.