Türkiyə hakimiyyəti bir sıra investisiya fondlarından vəsaitlərin kütləvi şəkildə çıxarılmasından sonra başlanan araşdırma çərçivəsində bir neçə maliyyə şirkətinin rəhbərini saxlayıb, daha bir neçə top-menecerə isə ölkədən çıxış qadağası qoyub.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" hakimiyyətin açıqlamasına istinadən məlumat yayıb.
İstanbul Prokurorluğunun məlumatına görə, "Pusula Portföy Yönetimi" şirkətinin idarə heyətinin sədri Məhəmməd Yarız saxlanılıb. Saxlanılanlar arasında "Destek Holding"in rəhbəri, iş adamı Altunç Kumova, "Tera Portföy Yönetimi"nin baş direktor müavini İbrahim Bekçi və "Hedef Holding"in rəhbəri Namık Kamal Gökalp da var.
"Tera Holding"in rəhbəri Əmrə Tezmen, "Pusula Holding"in rəhbəri Sərdar Türhan, "Bulls Yatırım Menkul Değerler"in rəhbəri Kamal Akkaya və onun ana şirkəti "Lydia Holding"in rəhbəri Ənvər Cevik barəsində isə Türkiyədən çıxış qadağası tətbiq edilib.
Bundan əvvəl, cümə axşamı Türkiyə hakimiyyəti aralarında "Tera" və "Pusula"nın da olduğu yeddi portfel idarəetmə şirkətinin idarə etdiyi 130 investisiya fondunun ləğv edilməsi barədə qərar qəbul edib.
"Bloomberg"in vəziyyətlə tanış mənbəyə istinadən yaydığı məlumata görə, çərşənbə günü axşam etibarilə ləğv olunması nəzərdə tutulan fondlardakı investisiyaların ümumi həcmi təxminən 18 milyard dollar təşkil edib. 350 mindən çox investorun vəsaiti risk altında qala bilər. Mənbə bu məlumatların hələ rəsmi şəkildə açıqlanmadığını bildirib.
Saxlanılan şəxslərdən biri Altunç Kumovadır. O, ona məxsus bəzi şirkətlərin səhmlərinin kəskin bahalaşmasından sonra rəsmi olaraq Türkiyənin ən varlı şəxslərindən biri hesab olunur. Son bir il ərzində ayrı-ayrı qiymətli kağızların dəyəri bir neçə min % artıb.
Araşdırma bir sıra investisiya fondlarından vəsaitlərin genişmiqyaslı çıxarılması fonunda aparılır. Türkiyə hakimiyyəti eyni vaxtda bir neçə tədbir görür: fondların ləğvi, şirkət rəhbərlərinin saxlanılması və bəzi şəxslərə ölkədən çıxış məhdudiyyətlərinin tətbiqi.