6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ-nin 46 senatoru Pentaqondan İran müharibəsinin ümumi xərclərini açıqlamağı tələb edib

18-sentyabr-2026, 00:30
ABŞ-nin 46 senatoru Pentaqondan İran müharibəsinin ümumi xərclərini açıqlamağı tələb edib
Yazı Ölçüsü:

ABŞ Senatının 46 demokrat senatoru müdafiə naziri Pit Heqsetdən İranla müharibənin xərcləri barədə Konqresə ətraflı hesabat təqdim etməyi, həmçinin Pentaqonun əlavə büdcə tələbinin detallı açıqlanmasını tələb edib.

"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Heqsetə cümə axşamı göndərilən məktubu Miçiqan ştatından senator Elissa Slotkin hazırlayıb. Sənədi Senatdakı demokratların demək olar ki, hamısı imzalayıb. Pensilvaniyadan senator Con Fetterman məktuba qoşulmayan yeganə demokrat olub.

Senatorlar bildiriblər ki, Pentaqon müharibənin maliyyə nəticələri barədə Konqresə kifayət qədər məlumat təqdim etmir. Onlar xüsusilə zədələnmiş ABŞ hərbi bazalarının bərpasının, məhv edilmiş aviasiya və hərbi-dəniz texnikasının əvəzlənməsinin, eləcə də yeddi aylıq hərbi əməliyyatlar zamanı ciddi şəkildə istifadə olunmuş gəmilər və təyyarələrin təmirinin nə qədər başa gələcəyini öyrənmək istəyirlər.

"Məktubda qeyd olunur ki, əvvəlki, həm respublikaçı, həm də demokrat administrasiyalar müharibələr zamanı ABŞ ictimaiyyətinə və Konqresə təqdim etdiyi əsas məlumatları Pentaqon dəfələrlə açıqlamaqdan imtina edib.

Senatorların müraciəti Konqresin Pentaqona əlavə 67 milyard dollar maliyyə ayrılması məsələsini müzakirə etdiyi vaxtda göndərilib. Qanunvericilər həmçinin ötən il qəbul edilmiş vergi və dövlət xərcləri qanunu çərçivəsində müdafiə qurumuna əvvəlcədən ayrılmış təxminən 34 milyard dolların necə xərcləndiyi barədə ətraflı hesabat tələb ediblər.

Müharibənin dəqiq xərcləri ilə bağlı müxtəlif rəqəmlər açıqlanıb. Müdafiə Nazirliyinin baş müfəttişinin məlumatına görə, iyunun 30-dək münaqişənin ABŞ-a dəyəri təxminən 33,4 milyard dollar olub. Bu hesablamaya zədələnmiş obyektlərin bərpası və bir sıra digər xərclər daxil edilməyib. Konqresin Büdcə İdarəsi isə müharibənin xərclərini təxminən 38 milyard dollar qiymətləndirib.

Heqset iyulun sonunda Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı İran müharibəsinin indiyədək 37,5 milyard dollara başa gəldiyini bildirib. Onun sözlərinə görə, bu rəqəmə hərbi qulluqçuların maaşları, əməliyyat və texniki xidmət xərcləri, eləcə də büdcə ilinin sonunadək gözlənilən bəzi xərclər daxil edilib. Readout

Senatorlar Pentaqonu müharibə ilə bağlı ictimai brifinqlərin və Konqresdə dinləmələrin sayının azlığına görə də tənqid ediblər. Məktubda qeyd olunur ki, 2003-cü ildə İraq müharibəsinin ilk altı ayı ərzində o zamankı müdafiə naziri Donald Ramsfeld Konqres qarşısında 20 dəfə çıxış edib, müharibənin yalnız ilk ayında jurnalistlər üçün 70-dən çox brifinq keçirib.

Senatorların məlumatına görə, İran müharibəsinin ilk yeddi ayı ərzində Heqset Konqresdə cəmi yeddi dəfə çıxış edib və Pentaqon jurnalistləri üçün səkkiz brifinq keçirib. Sonuncu belə brifinq may ayında baş tutub.

Qanunvericilər həmçinin xatırladıblar ki, İraq və Əfqanıstandakı müharibələrin maliyyələşdirilməsi ilə bağlı əlavə vəsait tələbləri 100 səhifədən çox sənədlə müşayiət olunurdu. Pentaqonun hazırkı 67 milyard dollarlıq əlavə maliyyələşmə tələbi isə cəmi yeddi səhifədən ibarətdir və senatorların fikrincə, xərclərin detallı əsaslandırılmasını əks etdirmir. Sənəddə, o cümlədən, "administrasiyanın prioritetləri" üçün 1,2 milyard dollar nəzərdə tutulduğu göstərilir.

Senatorlar məktubun sonunda Heqsetin daha əvvəl söylədiyi — amerikalı vergi ödəyicilərinin dövlət vəsaitlərinin hara yönəldildiyini və necə xərcləndiyini bilmək hüququna malik olması barədə fikirlərinə istinad ediblər. "Razıyıq", - deyə senatorlar bildiriblər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930