ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW və "Politico" media qurumlarının nümayəndələrinin "Ağ Ev"ə girişini qadağan etdiyini açıqlayıb.
"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, Tramp bu addımı həmin media qurumlarının onun sözlərinə görə, "saxta xəbərlər" yayması ilə əsaslandırıb.
"Mən qürurla bəyan edirəm ki, bu gündən etibarən "saxta xəbərlər" yayan CNN, MS NOW (aşağı auditoriya və kifayət qədər nüfuza malik olmadığı üçün bu yaxınlarda MSNBC-dən adını dəyişib) və "Politico"nun "Ağ Ev"ə girişini qadağan edirəm. "Politico" Co Baydenin korrupsiyalaşmış administrasiyası dövründə ABŞ hökumətindən "mövcudluğunu davam etdirmək" üçün birbaşa 8 milyon dollarlıq qanunsuz və absurd abunəlik alıb. Bu, mənə korrupsiya kimi görünür", - deyə Tramp bildirib.
Tramp əlavə edib ki, media qurumları ABŞ prezidentinin, Tramp administrasiyasının və ya ABŞ-nin fəaliyyətini işıqlandırarkən "uydurma və yalanları" davamlı şəkildə yazmamalı və yaymamalıdır.
"Digər saxta media qurumları da eyni aqibətlə üzləşə bilər", - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, sentyabrın 19-da CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinə faktiki olaraq icazə verilməyib və onların mətbuat vəsiqələri götürülüb.