Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Belarus üzrə ABŞ-nin xüsusi nümayəndəsi Con Kou ilə görüşündə ölkədə ekstremizmlə bağlı maddələrlə azadlığa buraxılanlardan daha çox insanın həbs edilməsi barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib.
"PostMedia" xəbər verir ki, Lukaşenkonun açıqlamaları Belarusda siyasi məhbusların vəziyyəti ilə bağlı Qərb ölkələrinin və beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqeləri fonunda səslənib.
“Görüşümüzdən əvvəl sizin siyasi məhbuslar adlandırdığınız şəxslərin azadlığa buraxılması barədə çox danışılır. Qərbdəki qaçqınlarımız daim bu mövzudan danışırlar və hiss edirəm ki, mənim məlumatlarıma görə, sizi də inandırıblar ki, biz müəyyən insanları azadlığa buraxırıq, amma repressiyaları davam etdirərək bundan iki dəfə çox insanı həbs edirik. Sizə açıq şəkildə demək istəyirəm ki, bu, tamamilə yalandır”, – Lukaşenko bildirib.
Lukaşenko həmçinin “Belarusda siyasi məhbusların olmadığı, çünki ölkə qanunvericiliyində belə bir maddənin mövcud olmadığı” barədə mövqeyini bir daha təkrarlayıb.
Onun sözlərinə görə, söhbət siyasi məhbuslardan deyil, qanun pozuntusuna görə istintaqa cəlb olunan və ya islah-əmək koloniyalarında cəza çəkən şəxslərdən gedir.