Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin hüquqi rejimi və giriş-çıxış nöqtələri ilə bağlı sualı cavablandırıb.
Sentyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRIPP layihəsinə münasibət bildirərkən demişdi: "Ermənistan ərazisindən keçən və Ermənistanın ərazisi hesab olunan TRIPP hissəsinin giriş və çıxışı Azərbaycan vasitəsilə həyata keçiriləcək". Ermənistan parlamentinin deputatı Marianna Qahramanyan sentyabrın 16-da parlamentdə hökumətin sual-cavab saatında Paşinyandan bu ifadənin nə demək olduğunu soruşub.
Deputat, həmçinin TRIPP-in həyata keçirilməsi zamanı Ermənistanın qüvvədə olan qanunvericiliyinin tam şəkildə tətbiq olunub-olunmayacağını, yoxsa Azərbaycanla aparılan danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq qanunvericiliyə dəyişikliklərin nəzərdə tutulduğunu soruşub.
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan bildirib ki, Bayramov bunu məhz bu şəkildə deməyib. Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ermənistan ərazisindəki kommunikasiyalarla bağlı mövzunun geniş olduğunu və həmin kommunikasiyaların həm giriş, həm də çıxış nöqtələrinin Azərbaycan ərazisi və Azərbaycan sərhədi olduğunu deyib.
Rubinyan qeyd edib ki, burada Sünikdən qərbdə və şərqdə müvafiq olaraq Azərbaycan sərhədinin yerləşməsi nəzərdə tutulur.
Paşinyan isə bildirib ki, TRIPP-in hər iki giriş və hər iki çıxış nöqtəsinin Azərbaycan sərhədindən olması ilə bağlı başqa variant yoxdur.
"Başqa heç bir variant yoxdur ki, TRIPP-in iki girişi və iki çıxışı Azərbaycandan olmasın. TRIPP Azərbaycan sərhədindən Azərbaycan sərhədinə qədərdir", - Paşinyan deyib.
Ermənistanın baş naziri əlavə edib ki, layihə ilə bağlı razılaşma Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun hesab edilib və parlamentə təqdim olunacaq. Onun sözlərinə görə, razılaşmada Ermənistan Respublikasının yurisdiksiyasının və digər məsələlərin müzakirə mövzusu olmadığı, layihənin yurisdiksiya və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərəcəyi qeyd olunub.
Qahramanyan isə Paşinyanın konkret sualdan yayındığını bildirib və TRIPP ərazisində hansı hüquqi rejimin tətbiq olunacağını soruşub. Deputat xüsusilə giriş və çıxış zamanı qərarı kimin verəcəyinin dəqiq açıqlanmasını tələb edib.
Paşinyan suala qısa cavab verib:
"Ermənistan Respublikası. Konkret deyirəm".