6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Amerikalılar münasibətlərə daha ciddi yanaşır, amma tərəf müqabilinə tələblər də artır

16-sentyabr-2026, 06:07
Amerikalılar münasibətlərə daha ciddi yanaşır, amma tərəf müqabilinə tələblər də artır
Yazı Ölçüsü:

Münasibətdə olmayan amerikalılar son illərdə ciddi münasibət və evlilik istəyinə daha çox meyl göstərməyə başlayıblar. Eyni zamanda onlar potensial tərəf müqabilinə qarşı daha yüksək tələblər irəli sürürlər.

"PostMedia" xəbər verir ki, bu nəticə İndiana Universitetinin nəzdindəki Kinsey İnstitutunun "Singles in America" adlı illik araşdırmasının 15-ci nəticələrində əksini tapıb.

2026-cı ilin yazında keçirilən sorğuda yaşı 18-dən yuxarı olan təxminən 5 min amerikalı iştirak edib. 2010-cu ildən keçirilən tədqiqat amerikalıların sevgi, görüşlər və evliliyə münasibətini araşdıran ən geniş illik araşdırmalardan biri hesab olunur. 15 il ərzində sorğuda 80 mindən çox insan iştirak edib.

Ümumiyyətlə münasibət istəmədiyini bildirənlərin payı 2021-ci ildəki 32%-lik maksimum göstəricidən 2026-cı ildə 24%-ə düşüb. Eyni zamanda nə vaxtsa evlənmək istəyənlərin payı 2010-cu ildəki 33%-dən 2026-cı ildə 45%-ə yüksəlib. İştirakçıların daha 30%-i isə evlənmək niyyəti olmadan uzunmüddətli münasibətə hazır olduğunu bildirib.

Müasir subaylar həm daha romantik, həm də daha ehtiyatlı davranırlar. 2026-cı ildə respondentlərin 62%-i ilk baxışdan sevgiyə inandığını bildirib. 2010-cu ildə bu göstərici 41% olub. Respondentlərin 47%-i isə belə bir hissi özünün də yaşadığını deyib. Bununla yanaşı, 49% insan əvvəlcə cəlbedici hesab etmədiyi birinə sonradan aşiq olduğunu bildirib.

Potensial tərəf müqabilinə münasibəti dəyişə biləcək xüsusiyyətlər arasında yaxşı ünsiyyət, ortaq maraqlar və dostluq ön plana çıxıb. Bununla yanaşı, emosional yetkinlik, maliyyə sabitliyi və həyatda məqsədlərin olması getdikcə daha çox əhəmiyyət kəsb edir.

Amerikalılar tərəfdaş seçiminə də daha detallı yanaşırlar. Gələcək həyat yoldaşında axtardıqları xüsusiyyətlər üzrə bir növ "çek-list" hazırlayanların payı 2021-ci ildəki 25%-dən 2026-cı ildə 34%-ə yüksəlib. Z nəslinin nümayəndələrinin yarısı potensial tərəf müqabilini əvvəlcədən internetdə araşdırır. Bunun üçün əsasən sosial şəbəkələrdən, "Google" axtarış sistemindən və hətta bioqrafik məlumatların yoxlanılması xidmətlərindən istifadə olunur.

Respondentlərin fikrincə, ciddi münasibət üçün tərəf müqabilinin əsas xüsusiyyəti ona güvənmək və şəxsi məsələləri onunla bölüşmək bacarığıdır. Sağlam münasibətin əsas əlamətləri sırasında qarşılıqlı hörmət, açıq ünsiyyət və təhlükəsizlik hissi göstərilib.

İqtisadi qeyri-sabitlik də şəxsi həyata təsir edir. İştirakçıların 52%-i çətin iqtisadi vəziyyətin həyatını bölüşə biləcəyi bir insana ehtiyacını daha da artırdığını bildirib. Bununla yanaşı, bir çox insan müəyyən gəlir səviyyəsinə çatana, maliyyə ehtiyatı yaradana, borclarını ödəyənə və ya mənzil alana qədər ciddi münasibəti təxirə salır.

Uşaq sahibi olmaq məsələsində də nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Yaşı 18-49 arasında olan subay amerikalıların yalnız 38%-i valideyn olmaq istədiyini bildirib. Respondentlərin 50%-i maliyyə sabitliyini belə qərarın qəbulunda əsas amillərdən biri hesab edir, 40%-i isə maddi vəziyyətinin uşaq sahibi olmağı təxirə salmasına səbəb olduğunu deyib.

Araşdırmada süni intellektin şəxsi həyata təsiri də öz əksini tapıb. Subay amerikalıların 39%-i artıq şəxsi həyatında süni intellektdən istifadə edib. Əsas məqsədlər arasında ünsiyyətin yaxşılaşdırılması, uyğun tərəfdaşların tapılması və mesajların hazırlanması göstərilir. Z nəslində bu göstərici 67%-ə çatır. Bununla belə, respondentlərin 66%-i süni intellektin insan əlaqələrini əvəz edə bilməyəcəyini düşünür.

Tədqiqatçılar nəticələrdə bir paradoksa diqqət çəkirlər: müasir subaylar münasibətlərdən nə istədiklərini daha yaxşı başa düşürlər, lakin bu, onların kiminlə aşiq olacaqlarını əvvəlcədən müəyyən edə biləcəkləri anlamına gəlmir.

Araşdırmaya görə, respondentlərin təxminən yarısı ilk baxışda cəlbedici hesab etmədiyi bir insana qarşı sonradan hisslər keçirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930