ABŞ Belarusun dondurulmuş aktivlərinin blokdan çıxarılaraq ölkəyə qaytarılması üçün “Citibank”a müraciət edib.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Kou sentyabrın 15-də Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı məlumat verib.
Danışıqlar zamanı Kou Belarus tərəfinin vəsaitlərin qaytarılması ilə bağlı tələblərini tam dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton hazırda bu prosesin həyata keçirilməsi üçün hüquqi və texniki həllər üzərində işləyir.
“Mən sizin tələblərinizi tam və qəti şəkildə dəstəkləyirəm. Əslində, siz tamamilə haqlısınız. Bu vəsaitlər blokdan çıxarılmalı və qaytarılmalıdır. Biz banka müraciət edərək bu vəsaitlərin blokdan çıxarılmasını xahiş etmişik və hazırda bunu həyata keçirmək mexanizmini hazırlayırıq”, – “BelTA” Kouun sözlərindən sitat gətirib.
ABŞ-nin bu addımı Belarusun dondurulmuş aktivləri ilə bağlı məsələdə Vaşinqtonun mövqeyində dəyişiklik ehtimalını göstərir.