İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasındakı çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın İranı terrorçu dövlət adlandırmasına sərt cavab verib.
"PostMedia" xəbər verir ki, Pezeşkianın çıxışı zamanı zalda olan ABŞ nümayəndəsi iclası tərk edib.
“ABŞ Prezidenti bizi terrorçu adlandırdı. Biz özümüz terrorun qurbanı olmuşuq”, – Pezeşkian bildirib.
O, ABŞ və İsraili İran ərazisinə zərbələr endirməkdə ittiham edib və hücumlar nəticəsində mülki şəxslərin, o cümlədən uşaqların öldüyünü deyib.
“Mən İranı təmsil edirəm. Orada həqiqətən məktəb bombalanıb. Bu uşaqları görürsünüzmü? Bu uşaqlar ABŞ və İsrailin istifadə etdiyi silahlarla atılan bombaların altında həlak olublar”, – İran Prezidenti iştirakçılara müraciətlə deyib.
Pezeşkian vurğulayıb ki, İranın kiçik şəhərlərindən birində uşaqların olduğu idman zalına zərbə endirilib. O, həmçinin ABŞ və İsraili iranlı alimləri, hərbçiləri, qadınları və uşaqları öldürməkdə ittiham edib.
“Onlar günahsız idilər, heç bir cinayət törətməmişdilər”, – İran Prezidenti bildirib.
Pezeşkian terror aktları həyata keçirənlərin və terror tərəfdarları yetişdirənlərin İranı terrorçu adlandırmasını ikiüzlülük kimi qiymətləndirib.
“Biz yalnız özümüzü müdafiə etmişik. Biz terrorçu deyilik”, – prezident vurğulayıb.
İran Prezidenti həmçinin bildirib ki, ölkənin dinc sakinləri İrana qarşı həyata keçirilən “qorxaq hücumların və təcavüzün” hədəfinə çevrilib və Tehranın atdığı addımları yenidən özünümüdafiə kimi təqdim edib.
Pezeşkianın çıxışı Trampın BMT Baş Assambleyasındakı çıxışından bir gün sonra baş tutub. ABŞ Prezidenti İranı sərt şəkildə tənqid edib və Tehran razılaşmaya getməsə, ABŞ-ın hərbi əməliyyatları davam etdirə biləcəyini bildirib. Eyni zamanda, Vaşinqton və Tehran Nyu-Yorkda nümayəndələri vasitəsilə əlaqələr saxlayırlar.
Pezeşkian özü Nyu-Yorka yola düşməzdən əvvəl beynəlxalq platformada İranın mövqeyini qətiyyətlə müdafiə etmək niyyətində olduğunu bildirmişdi.