Cümə axşamı Türkiyənin Kocaeli vilayətinin Kandıra bölgəsindən yola düşən rus tankeri yanıb və gəmidə olan 25 nəfərlik heyətin təxliyəsi üçün təcili xilasetmə əməliyyatı tələb olunub.
“PostMedia” xəbər verir ki, bu barədə “Daily Sabah” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən Kairos adlı tankerdə yanğın Türkiyənin Qara dəniz sahilindən təxminən 28 dəniz mili məsafədə baş verib.
Türkiyənin Dəniz İşləri Baş İdarəsinin məlumatına görə, yanğın ehtimal ki, “xarici təsir nəticəsində baş verib”, lakin səbəb hələ dəqiq müəyyən edilməyib.
“Gəminin bütün 25 heyət üzvü yaxşı durumdadır”, – deyə idarə bildirib və əlavə edib ki, heyətin təxliyəsi və vəziyyətə nəzarət üçün xilasetmə qrupları hadisə yerinə göndərilib. Kocaeli valiliyi də bildirərək əlavə edib ki, Sahil Mühafizəsi, Sahilyanı Təhlükəsizlik briqadaları, fövqəladə hallar qrupları və təcili tibbi yardım maşınları əraziyə cəlb olunub.
“Zəruri tədbirlər görülür”, – deyə açıqlamada qeyd olunub. Məsələyə birbaşa bələd olan mənbə əlavə edib ki, ikinci tanker – Virat da Qara dənizin şərqində baş vermiş partlayış nəticəsində zədələnib.
LSEG-in məlumatına görə, həm Kairos, həm də Virat 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumdan sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalara daxil edilən gəmilər siyahısındadır.