ABŞ Prezidenti Donald Trampın administrasiyası Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı sanksiyalar hazırlayır.
"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, planlaşdırılan tədbirlər BCM ilə maliyyə əməliyyatlarının böyük hissəsinin, o cümlədən ABŞ dolları ilə həyata keçirilən köçürmələrin qadağan edilməsini nəzərdə tutur. "The Wall Street Journal"ın yazdığına görə, bu addım məhkəmənin qlobal maliyyə sisteminin böyük hissəsinə çıxışını məhdudlaşdıra və fəaliyyətini ciddi şəkildə çətinləşdirə bilər. Məhdudiyyətlərin bu həftə BMT Baş Assambleyasının sessiyası çərçivəsində yekunlaşdırılması mümkündür.
İyul ayında ABŞ Dövlət katibi Marko Rubio Haaqa məhkəməsinə qarşı genişmiqyaslı kampaniya elan edərək, zərurət yaranacağı təqdirdə onu "daş-daş sökməklə" hədələmişdi. Rubio BCM-nin məhkəmənin üzvü olmayan ölkələrin rəsmilərini də təqib etmək qərarının təhlükəli presedent yaratdığını və ABŞ-ın suverenliyinə təhdid təşkil etdiyini bildirib.
Vaşinqtonla məhkəmə arasındakı münasibətlər BCM-nin ABŞ hərbçiləri ilə bağlı araşdırma aparması və bu işləri dayandırmaqdan imtina etməsindən sonra daha da gərginləşib. Bundan əlavə, məhkəmə İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarları çıxarıb. Onlar Qəzza müharibəsi zamanı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunurlar. BCM daha əvvəl Rusiya Prezidenti Vladimir Putin barəsində də həbs qərarı çıxarıb. Bu qərar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz köçürülməsi ilə bağlı ittihamlara əsaslanır.
Tramp daha əvvəl zarafatla BCM-nin onun özü ilə də maraqlana biləcəyini istisna etməmişdi. Bundan sonra Vaşinqton məhkəmənin bir sıra nümayəndələrinə, o cümlədən keçmiş baş prokuror Kərim Xana qarşı sanksiyalar tətbiq edib. ABŞ administrasiyası həmçinin NATO müttəfiqlərini BCM-dən çıxmağa çağırıb və məhkəmənin imkanlarını "sistemli şəkildə zəiflətmək" niyyətində olduğunu bildirib.
"Politico"nun mənbələrinə görə, Vaşinqton müttəfiqlərindən BCM-nin onlar üçün yaratdığı "təhdidi araşdırmağı", məhkəmənin "həddindən artıq səlahiyyətlərini" pisləməyi və bu quruma istənilən maliyyə dəstəyini dayandırmağı istəyib.
Bununla yanaşı, Yaponiya, Norveç, Finlandiya, Belçika, Almaniya, Niderland və Böyük Britaniya daha əvvəl BCM-ni dəstəkləyən mövqe nümayiş etdiriblər.
ABŞ-ın yeni tədbirləri əvvəlki sanksiyalardan daha geniş olacaq: indiyədək əsasən ayrı-ayrı hakim və prokurorlar hədəf alınırdısa, yeni plan məhkəmənin bütövlükdə sanksiya siyahısına salınmasını nəzərdə tutur. "Reuters"ın məlumatına görə, bu halda ABŞ vətəndaşları və şirkətlərinin məhkəməyə və onunla əlaqəli qurumlara maliyyə, mal və xidmət təqdim etməsi də məhdudlaşdırıla bilər.