ABŞ-nin Delaver ştatında 74 yaşlı kişiyə ov zamanı qadına ölümcül atəş açdıqdan sonra ittiham irəli sürülüb.
"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Ştat polisi bildirib ki, kişi qadını maral zənn etdiyini deyib.
Merilend ştatının Solsberi şəhərindən olan Uolter Mörhed cümə günü axşam Ellendeyl şəhərində açıq sahədə odlu silahdan yaralanmış qadın barədə polisə məlumat daxil olduqdan sonra saxlanılıb.
Polislər yaralı qadına ilkin tibbi yardım göstərib, daha sonra onu xəstəxanaya çatdırıblar. Lakin qadın xəstəxanada dünyasını dəyişib. Polis bazar günü ölənin kimliyini açıqlayıb. O, Delaver ştatının Corctaun şəhərindən olan 39 yaşlı Santos Mariya Çilel Soto olub.
İstintaqın məlumatına görə, Çilel Soto həmin ərazidə bir kişi və iki uşaqla birlikdə olub. Bu zaman Mörhed atəş açıb. Polisin versiyasına görə, o, kamuflyaj edilmiş ov sığınacağından ov edirmiş və maral gördüyünü düşünüb. Daha sonra tüfəngdən atəş açaraq qadını vurub.
Mörhedə ehtiyatsızlıqdan adam öldürmə, səhlənkarlıq nəticəsində təhlükə yaratma və ağır cinayət törədərkən odlu silahdan qanunsuz istifadə ittihamları irəli sürülüb.
Polisin məlumatına görə, saxlanıldıqdan sonra kişi 43 min dollar məbləğində girov müqabilində sərbəst buraxılıb.
Polis ölümcül atəş açılması ilə bağlı hadisənin bütün təfərrüatlarını araşdırmaqda davam edir.