ABŞ Dövlət katibi Marko Rubio Ermənistanın Müstəqillik Günü münasibətilə ölkə xalqını təbrik edərkən "Trampın Beynəlxalq Sülh və Rifah naminə Yolu" (TRIPP) təşəbbüsünün həyata keçirilməsinin davam etdirilməsinə ümid etdiyini bildirib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Rubio ABŞ adından yayımladığı təbrik mesajında son bir il ərzində Vaşinqton və İrəvan arasında atılan addımların sülh və ümumi rifah naminə səylər birləşdirildikdə hansı nəticələrin əldə oluna biləcəyini göstərdiyini qeyd edib.
"Biz "Trampın Beynəlxalq Sülh və Rifah naminə Yolu" (TRIPP) təşəbbüsünün daha da həyata keçirilməsini, iqtisadi əlaqələrin gücləndirilməsini, Amerika investisiyalarının cəlb olunmasını, eləcə də Ermənistan və bütün region üçün yeni imkanların yaradılmasını səbirsizliklə gözləyirik", – ABŞ Dövlət katibi vurğulayıb.
Rubio ABŞ və Ermənistan arasında tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.
TRIPP təşəbbüsü Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Layihə ABŞ və Ermənistan arasında imzalanmış razılaşmalar çərçivəsində regional nəqliyyat və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır.