ABŞ-nin maliyyə naziri Skott Bessent və Çinin Dövlət Şurasının vitse-premyeri He Lifeng iki ölkə liderlərinin görüşündən əvvəl ticarət və süni intellekt məsələləri ilə bağlı uğurlu məsləhətləşmələr aparıblar.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ və Çin mediası məlumat yayıb.
"Çin tərəfi ilə ticarət və süni intellekt məsələləri üzrə çox uğurlu görüş keçirdik", – Bessent Nyu-Yorkda səkkiz saat davam edən danışıqların yekununda jurnalistlərə bildirib.
"Sinxua" danışıqları "səmimi, dərin və konstruktiv" kimi qiymətləndirib.
Agentliyin məlumatına görə, görüşdə əvvəlki məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmaların icrası, eləcə də ticarət və investisiyaların inkişafına dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Süni intellektlə bağlı məsələlər də müzakirə olunub.
"South China Morning Post" isə görüşdə ticarət və süni intellektin inkişafı sahəsində konkret təşəbbüslərin müzakirə edildiyini yazıb.
Bessent tərəflərin süni intellekt üzrə məqsədlər və mümkün təhdidlər barədə ortaq anlayış formalaşdırmağa yönəlmiş dialoq mexanizmi yaratmaq barədə razılığa gəldiklərini bildirib.
İşçi qrupların bazar ertəsi günü məsləhətləşmələri davam etdirəcəyi gözlənilir.
"Bloomberg" isə süni intellekt mövzusunun danışıqlarda əsas məsələlərdən biri olaraq qalacağını qeyd edib. Agentlik xatırladır ki, bu ilin mayında ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən son görüşdən sonra məhz süni intellekt iki ölkənin münasibətlərində "yeni gərginlik ocağına" çevrilib.
Bundan əlavə, "Bloomberg"in mənbələrinin məlumatına görə, ABŞ və Çin Amerikanın enerji daşıyıcıları və kənd təsərrüfatı məhsullarına tətbiq olunan tariflərin azaldılması üzərində işləyirlər.
Bundan əvvəl Bessent "X" sosial şəbəkəsində Tramp və Si Cinpin arasında qarşıdakı görüş ərəfəsində He Lifeng ilə ABŞ-Çin iqtisadi və ticarət münasibətlərini müzakirə etdiyini yazmışdı.
Si Cinpinin sentyabrın 24-də Vaşinqtona səfər edəcəyi gözlənilir.