Almaniyanın Sol Partiyası ("Die Linke") Berlin seçkilərində ilk yeri tutaraq tarixi nəticə göstərib.
"PostMedia" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Partiyanın siyahısına türk əsilli namizəd Elif Eralp rəhbərlik edir. Koalisiya hökumətinin formalaşdırılması halında Eralp miqrant mənşəli Berlinin ilk hökumət başçısı ola bilər.
ARD-nin son proqnozuna əsasən, "Die Linke" səslərin 24,9%-ni qazanır. Bu, 2023-cü ildə keçirilən əvvəlki seçkilərlə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Həmin seçkilərdə partiya 12,2% səs toplamışdı. Kansler Fridrix Mertsin mühafizəkar Xristian Demokrat İttifaqı ("CDU") 20% səslə ikinci yerdədir.
Sonrakı yerlərdə "Almaniya üçün Alternativ" ("AfD") 15,7%, "Yaşıllar" 15% və Sosial Demokrat Partiyası ("SPD") 11,9% nəticə ilə qərarlaşıb. Sara Vagenknext Alyansı ("BSW") isə təxminən 5% səs toplayaraq əyalət parlamentinə daxil olur.
"Berlində yaşayan əziz insanlar, təşəkkür edirəm – etimadınıza görə təşəkkür edirəm", – Eralp bazar günü axşam tərəfdarlarına müraciətində deyib.
O, nəticənin tarixi olduğunu və seçicilərin "Die Linke"yə yeni hökumət formalaşdırmaq üçün mandat verdiyini bildirib.
Eralp Almaniyada Türkiyədən mühacirət etmiş ailədə doğulub. Onun sosialist və həmkarlar ittifaqı fəalı olan valideynləri 1980-ci ildə Türkiyədə baş vermiş hərbi çevrilişdən sonra ölkəni tərk ediblər. Eralp hüquqşünasdır, 2021-ci ildən Berlin Nümayəndələr Palatasının deputatı və hüquq müdafiəçisidir.
Seçki kampaniyası zamanı Eralp Nyu-York meri Zoran Mamdaninin uğuruna istinad edərək onu digər ölkələrdəki sol partiyalar üçün nümunə adlandırıb.
O bildirib ki, Mamdaninin seçki kampaniyası Berlin üçün də örnək ola bilər. Eralpın kampaniyasının əsas mövzuları sosial bərabərsizlik, mənzil qiymətləri və paytaxtda yaşayışın əlçatanlığı olub.
Bununla yanaşı, "Die Linke"nin seçkilərdə ilk yeri tutması hökumətin avtomatik olaraq formalaşdırılması demək deyil. Berlin hökumətinin başçısının seçilməsi üçün digər partiyalarla koalisiya razılaşmasının əldə olunması tələb olunur.